İsmayıllıda regional Bilik Evi açılıb (FOTOLAR)


Oktyabrın 5-də İsmayıllı şəhərində Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun regional Bilik Evi açılıb.

Bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova çıxış edərək Prezident yanında Bilik Fondunun xalqımızın, o cümlədən gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, elmi biliklərə daha dərindən yiyələnməsi istiqamətində müxtəlif layihələr, tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb.

Prezident yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov regional Bilik Evinin açılışı münasibətilə iştirakçıları təbrik edib, bu evin insan kapitalının formalaşmasına mühüm töhfə verəcəyini vurğulayıb. Rayonun təhsil, mədəniyyət şöbələrinin, bütün ziyalıların regional Bilik Evinin fəaliyyətinə kömək edəcəklərinə əminliyini bildirən O.Səmədov burada rəngarəng mədəni-kütləvi tədbirlərin, o cümlədən müxtəlif layihələrin həyata keçiriləcəyini diqqətə çatdırıb. Vurğulayıb ki, Bilik Evində pulsuz olaraq ingilis, rus dilləri tədris olunacaq.

Mərasimdə rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Milli Məclisin deputatı Novruzəli Aslanov çıxış edərək, regional Bilik Evinin rayonun ictimai-mədəni həyatında xüsusi rol oynayacağını söyləyiblər.

Sonra Bilik Evində yaradılan şəraitlə, təşkil edilən sərgilərlə tanışlıq olub.

Sonda “dəyirmi masa” keçirilib.

AZƏRTAC 

Tarix: 05.10.2016

Son xəbərlər