Xocalı faciəsinin 25-ci ildönümü İndoneziyada qeyd olunub


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun lektorlar qrupunun üzvü, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə Bakı Mühəndislik Universitetində fəaliyyət göstərən "Azərbaycan multikulturalizmi" Elm-Tədris Mərkəzinin müdiri, İndoneziyanın Qacah Mada Universitetində "Azərbaycan multikulturalizmi" fənnini tədris edən professor Həbib Zərbəliyevin təşkilatçılığı ilə universitetdə Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə tələbələrə Xocalı soyqırımını əks etdirən sənədli filmlər nümayiş etdirilib və çap materialları paylanıb. Ötən ilin yayında Bakı Beynəlxalq Multikulturalzm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə ölkəmizdə keçirilmiş Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçısı olmuş, İndoneziyada "Xocalıya ədalət!" kampaniyasını fəal təbliğ edən İmas Xoirun Nisa Fuciati Rahim tədbir iştirakçılarına bu faciə haqqında, dünyada geniş yayılan "Xocalıya ədalət!" kampaniyası barədə məlumat verib. Tələbələrin faciənin səbəbləri və tarixi ilə bağlı çoxsaylı sualları cavablandırılıb.

Tədbir iştirakçıları Azərbaycan xalqı ilə həmrəy olduqlarını nümayiş etdirərək, universitetdə Xocalı soyqırımı ilə bağlı yürüş keçiriblər.

Tarix: 27.02.2017

Son xəbərlər