Bilik Fondunun təmsilçisi Girne Amerika Universitetində Azərbaycan təhsilinin uğurlarından danışıb


2-7 iyul tarixlərində Kiprin Girne Amerika Universiteti və Qlobal Karyera İnstitutunun təşkilatçılığı, Azərbaycan-Kipr Dostluq Cəmiyyəti, Şimali Kipr Türk Respublikası (ŞKTR) Prezident Administrasiyası, ŞKTR Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə Şimali Kipr Türk Respublikasında “Təhsildə Beynəlxalq Liderlər” Forumu keçirilib.
 
Forumda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu da iştirak edib.
 
Girne Amerika Universiteti, Lefke Avropa Universiteti, Doğu Ağdəniz Universiteti, Kıbrıs Amerika Universiteti, Kıbrıs Elm Universteti, Qazaxıstan Elmlər Akademiyasının, o cümlədən, Azərbaycan da daxil olmaqla, müxtəlif ölkələrin təhsil nazirlikləri, dövlət qurumlarının rəsmi nümayəndələri, KİV təmsilçiləri və digər səlahiyyətli şəxslərin qatıldığı tədbirlərdə Bilik Fondunun təmsilçisi məruzə ilə çıxış edib.
 
C.Musaoğlunun Girne Amerika Universitetindəkı çıxışı "Maarifçilik ənənələri tərəqqinin təməli" kimi mövzusunda olub. Azərbaycanın təhsil sahəsindəki böyük uğurlardan söz açan natiq, xüsusən, gənclərin biliklənməsi, maariflənməsi istiqamətində hökumətin və ictimaiyyətin gördüyü işlərdən danışıb.
 
C.Musaoğlu bildirib ki, Azərbaycan təhsili vətəndaşlara paralel biliklərin verilməsinə çalışır. Dövlətimiz onların həm layiqli vətəndaş, həm dünya səviyyəsində inkişaf edən qlobal düşüncəli mütəxəssis kimi yetişməsində maraqlıdır, ictimaiyyət bu siyasətə əməli dəstək verir.
 
Bilik Fondunun təmsilçisi Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı Fərmanla 2014-cü ildə yaradılan Fondun layihələrindən söz açıb. Bildirib ki, əhalinin maarifləndirilməsi uğurla aparılır, dövlətin həm daxili, həm də xarici siyasətinin mahiyyəti vətəndaşlara dolğunluğu ilə çatdırılır və bu istiqamətdə Bilik Fondu ölkənin Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq edir. Maarifləndirici tədbirlərin bir çoxu ali, orta-ixtisas və orta məktəblərdə təşkil olunur, tələbə və şagirdlər beynəlxalq elmi konfranslara, mühazirə və təlimlərə qatılırlar, şəhər və rayonların təcrübəli və qabaqcıl təhsil işçiləri isə Bilik Fondunun yerli nümayəndələri qismində fəaliyyət göstərirlər.
 
Forum dünyanın diqqətini təhsilin əhəmiyyətinə yönəltmək, planetin hər yerində insan kapitalının ən vacib sərvət kimi qavranılmasını önə çəkmək, “yurda sülh, cahanda sülh” anlamının gercəkləşməsinə təhsilin liderliyi ilə çatmağın mümkünlüyü mesajını vermək, dünya təhsil sistemində baş verən yeniliklərlə yaxından tanış olmaq, tanınmış təhsil mütəxəssislərinin təcrübəsindən yararlanaraq, liderlik bacarıqlarını artırmaq məqsədi ilə təşkil olunub.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 09.07.2018

Son xəbərlər