Qax Bilik Evində tibbi maarifləndirmə tədbiri


İyunun 6-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Tibbi maarifləndirmə" proqramı çərçivəsində İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) mütəxəssisi Lətafət Dadaşovanın Qax Heydər Əliyev Mərkəzində "Yol-nəqliyyat hadisələri və sağlamlığın qorunması” mövzusunda tibbi maarifləndirici mühazirəsi təşkil olunub.
 
Rayon gənclərinin iştirak etdiyi tədbiri Qax Bilik Evinin rəhbəri Rövşən Hədisov açaraq, Fondla İSİM-in birgə fəaliyyəti barədə məlumat verib.
 
Qax Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Orxan Səmədov belə tədbirlərin maarifləndirici əhəmiyyətindən danışıb.
 
İSİM-in həkim mütəxəssisi L.Dadaşova məruzəsində qəzaya uğramış avtomobildən yaralanmış şəxsin çıxarılması, qanaxma hallarının qarşısının alınması, sınıqların sarğılanma, ürəyin qapalı masajı və süni tənəffüsün verilmə qaydaları haqqında ətraflı bilgiləri iştirakçıların diqqətinə çatdırıb.
 
Mövzu ətrafında səmərəli müzakirə şəraitində keçən tədbirin yekununda auditoriyanı maraqlandıran suallar cavablandırılıb, iştirakçılara İSİM tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 06.06.2018

Son xəbərlər