Millət vəkili Aqiyə Naxçıvanlı Oğuz Bilik evinin qonağı olub


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Oğuz Bilik evində Azərbaycan Respublikası Milli Məclisinin deputatı, parlamentin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Aqiyə Naxçıvanlı ilə görüş keçirilib.
 
Bilik evi dinləyicilərinin və rayonun gənc müəllimlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan direktor Anar Məcidov Bilik evinin fəaliyyəti, əldə etdiyi nailiyyətlər, yeni açılan qruplar barədə məlumat verib.
 
Deputat A.Naxçıvanlı da öz növbəsində Bilik Fondunun əhalinin maarifləndirilməsi sahəsində həyata keçirdyi layihələri alqışladığını bildirib, mütəmadi olaraq belə tədbirlərin keçirilməsinin gənclərin dünyagörüşünün inkişafına faydasından söz açıb.
 
Aqiyə Naxçıvanlı Xocalı faciəsinin 25-ci ildönümünün yaxınlaşdığını xatırladaraq ölkə Prezidentinin uğurlu siyasəti nəticəsində əldə olunan son nailiyyətlər – 2016-cı ilin aprel döyüşlərində düşmən üzərində qazanılan qələbə, Cocuq Mərcanlı kəndinin bərpası haqqında məlumat verib. Gənclərdə vətənpərvərlik hissinin onların ailəsinə, ətrafına münasibətindən başladığını qeyd edən deputat bu ruhda böyüyən nəslin gələcəkdə daha böyük uğurlara imza atacağına şübhə etmədiyini bildirib.
 
A.Naxçıvanlı Bilik evinin dinləyicilərinin çoxsaylı suallarını cavablandıraraq erkən nigah, boşanma, gənc nəslin tərbiyəsi, qızların təhsilə cəlb olunması problemlərinə toxunub: “Bizi digər millətlərdən fərqləndirən, əsrlərdən bəri formalaşmış yüksək milli-mənəvi dəyərlərimizdir. Ağsaqqal, ağbirçək nəsihəti dinləmək, böyüklərə, ata-anaya hörmət, kiçiklərə sevgi, qayğı göstərmək kimi üstün cəhətlərimiz var. Qloballaşan dünyada milli-mənəvi dəyərlərimizi qoruyub saxlamaq bizim borcumuzdur”.
 
Tədbirdə çıxış edən gənc müəllimlər belə görüşlərin əhəmiyyətini vurğulayaraq Aqiyə Naxçıvanlıya dərin təşəkkürlərini bildiriblər.

 

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru
Tarix: 21.02.2017

Son xəbərlər