Oğuz Bilik Evində “Cümhuriyyətimizin şanlı səhifəsi”


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Oğuz Bilik Evinin təşkilatçılığı ilə “Cümhuriyyətimizin şanlı səhifəsi” mövzusunda tədbirlər keçirilib.
 
Cümhuriyyət tarixinin təşviqi və təbliği məqsədilə keçirilən ilk tədbir yanvarın 26-da Oğuz Bilik Evində, növbəti tədbir yanvarın 29-da Oğuz rayon Yaqublu kənd tam orta məktəbində olub.
 
Tədbirlərdə Oğuz Rayon Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin, Məşğulluq Mərkəzinin təmsilçiləri, məktəb kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Bilik Fondunun Oğuz rayon nümayəndəsi Anar Məcidov Fondun paytaxtda və bölgələrdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" çərçivəsində silsilə tədbirlər təşkil edəcəyini diqqətə çatdırıb.
 
Oğuz Bilik Evində keçirilən tədbirdə çıxış edən rayonun Məşğulluq Mərkəzinin müdiri Abid Məmmədov bildirib ki, bu il Cümhuriyyət tarixinin öyrənilməsi və təbliği işi daha geniş müstəvidə aparılacaq. O, hər bir azərbaycanlının Cümhuriyyət tarixinə diqqətlə yanaşmasının vətəndaşlıq borcu olduğunu söyləyib.
 
Oğuz rayon Yaqublu kənd tam orta məktəbində təşkil olunan tədbirdə Rayon Təhsil Şöbəsinin əməkdaşı Nəsimi Zahidov ölkə başçısının Azərbaycan Xalq Cümhuriyyəti tarixinə göstərdiyi yüksək diqqətdən söz açıb.
 
Cümhuriyyətin 100 illiyi ilə əlaqədar Bilik Evi ilə birgə tədbirlərin həyata keçirilməsi zərurətindən danışan Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov bu sahədə maarifləndirici işlərin aparılmasının vacibliyini diqqətə çatdırıb.
 
Yaqublu kənd tam orta məktəbinin direktoru İmran Verdiyev 2018-ci ilin Cümhuriyyət tarixinin öyrənilməsində və təbliğində dönüş ili olacağını vurğulayıb.
 
Digər çıxış edənlər də cənab Prezidentin Cümhuriyyət tarixinə olan münasibətini yüksək qiymətləndiriblər. Qeyd olunub ki, müsəlman Şərqinin ilk demokratik Cümhuriyyəti bu gün daha güclu dövlət olaraq yaşayır və yaşayacaq.
 
Sonda tədbirin təşkilində fəal iştirak edən şəxslərə Oğuz Bilik Evinin hədiyyələri təqdim edilib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

 

Tarix: 31.01.2018

Son xəbərlər