Oğuz Bilik Evi ucqar dağ kəndində “Oxucu” Klubu yaradıb


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Oğuz Bilik Evinin təşkilatçılığı ilə Oğuz rayonun Xaçmaz kəndində “Oxucu” Klubu yaradılıb.
 
Bədii qiraətə xüsusi maraq göstərən yerli gəncləri bir araya gətirmək təşəbbüsü Oğuz Bilik Evinin mütəxəssisi, yazıçı-tərcüməçi Cəlil Cavanşir və AYB-nin Oğuz bölməsinin sədri, şair Vüsal Oğuz tərəfindən irəli sürülüb.
 
Bilik Fondunun dəstəyi ilə fəaliyyət göstərən “Ədəbi yradıcılıq” dərnəyi, Oğuz “Oxucu” Klubu və “Kino-Klub” sırasına qoşulan Xaçmaz “Oxucu” Klubunun əsas məqsədi kənd sakinləri arasında ədəbiyyata, kitaba və mütaliəyə marağı artırmaq, kitabsevərləri bir araya toplamaq, oxuculara mütaliə etdikləri əsərlərlə bağlı təəssüratlarını bölüşmək, fikir mübadiləsi aparmaq və yeni nəşrlərlə tanış olmaq imkanı yaratmaq, yerli gənclərin asudə vaxtının səmərəli təşkilinə dəstək olmaqdır.
 
Xaçmaz kəndi qədim tarixə malik və Oğuz rayonunun təhsil sahəsində ən qabaqcıl kəndlərindən biridir. Kənddə üç məktəb fəaliyyət göstərir. “Oxucu” Klubu bölgənin ən qədim məktəblərindən birində, bu il 135 illiyi qeyd olunacaq M.F.Axundov adına Xaçmaz kənd 1 nömrəli tam orta məktəbdə fəaliyyətə başlayıb. Məktəb rəhbərliyi şagirdlərin də mütaliəyə marağının artırılmasına yardımçı olacaq Klubun fəaliyyəti üçün xüsusi otaq ayırıb və lazım olan avadanlıqlarla təmin edib.
 
Hazırda bu kənddə yaşayan və yaradıcılıqla məşğul olan Vüsal Oğuz, İldırım Qocayev, Elçin Hacıyev, Elçin Məmmədli kimi qələm sahibləri, Təmraz İslamov, Səxavət Mürüdov, İlkin Lətifov kimi ziyalı gənclər “Oxucu” Klubunun fəal üzvləridir. Onlar təkcə müzakirələr, ədəbi görüşlər və təqdimatlar keçirmək barədə deyil, həm də elmi-kütləvi və bədii nəşrlərdən ibarət kitabxana fondu yaratmaq, yerli yazıçı və şairlərin yaradıcılığını əks etdirən ədəbi almanax tərtib etmək və qədim tarixə malik Xaçmaz kəndində dünyaya gəlmiş elm adamları, şair və yazıçılar haqqında məlumat toplayıb dərc etdirmək niyyətindədirlər.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 29.10.2018

Son xəbərlər