Oğuz Bilik Evində Milli Dirçəliş Gününə tədbir həsr olundu


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Oğuz Bilik Evində 17 noyabr – Milli Dirçəliş Günü münasibətilə tədbir keçirilib.

Fondun Oğuz rayonu üzrə nümayəndəsi Anar Məcidov yerli dövlət qurumları nümayəndələrinin, 2 və 3 nömrəli tam orta məktəblərin müəllim kollektivinin iştirak etdikləri tədbiri açaraq, təmsil olunduğu qurumun maarifləndirici layihələrindən danışıb, bu istiqamətdə bölgələrdə görülən işlər barədə məlumat verib.

Fondun Lektorlar Qrupunun üzvü, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov “Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir” mövzusunda mühazirə ilə çıxış edib. Bildirib ki, 1988-ci il noyabrın 17-də Azərbaycan xalqının azadlıq səsini ucaldaraq, imperiyaya qarşı hamılıqla ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi oldu və xalqımız ikinci dəfə müstəqilliyinə qovuşdu. Xalq müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş etdirdi.

Tədbirdə Rayon İcra Hakimiyyətinin, Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin əməkdaşları mövzu ilə bağlı fikirlər səsləndiriblər.

Mühazirəçi auditoriyanın suallarını cavablandırdıqdan sonra “Lider və zaman” sənədli filmi nümayiş olunub. Filmdə 20 il öncə 17 noyabr tarixində yaşanan hadisələr, həmin gün Ulu öndərin rəhbərliyi ilə üçrəngli bayrağımızın Naxçıvan Muxtar Respublikasında yenidən qaldırıldığı məqamlar əksini tapıb.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

Tarix: 17.11.2018

Son xəbərlər