Bilik Fondu Nardaran məktəblilərini Azərbaycan Universiteti ilə görüşdürüb


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Universiteti arasında 20 aprel 2017-ci il tarixində əməkdaşlığa dair imzalanmış Anlaşma memorandumuna uyğun olaraq, gənclərin maarifləndirilməsi istiqamətində fəaliyyətin daha da genişləndirilməsi məqsədi ilə Nardaran Bilik Evi 17 may 2018-ci il tarixində Nardaran qəsəbəsindəki 130 və 295 nömrəli tam orta məktəblərdə “Ali təhsilə gedən yol düzgün seçimdən başlanır” mövzusunda tədbirlər təşkil edib.

130 nömrəli tam orta məktəbin direktoru Ağasəid Orucov və 295 nömrəli tam orta məktəbin direktor müavini Xalidə Ağayeva məktəbliləri Bilik Fondu ilə mütəmadi keçirilən maarifləndirici tədbirlər barədə məlumatlandırıblar.

Bilik Fondunun aparıcı mütəxəssisi Aynur Seyidova Fondun son dövrlər həyata keçirdiyi maarifləndirici tədbirlərdən danışıb.

Azərbaycan Universitetinin İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev şagird və müəllim kollektivi qarşısında çıxış edərək, abuturiyetlərə ixtisas seçimində diqqətli olmağı tövsiyə edib, öz imtahan nəticələrinə uyğun doğru seçim etməyin vacibliyini vurğulayıb.

Buraxılış sinif şagirdlərinin iştirakı ilə keçirilmiş hər iki görüşdə Azərbaycan Universitetinin ötən ilki məzunları Oktay Xudaverdiyev və Tural Səlimli məktəblilərə ali təhsil müəssisəsinə qəbulla bağlı tövsiyələr verib, həmyaşıdlarına təhsildə uğurlar arzulayıblar.

 

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

Tarix: 17.05.2018

Son xəbərlər