Nardaran Bilik Evində buraxılış imtahanı və mühazirə keçirildi


İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Nardaran Bilik Evində “Kompüter texnologiyaları və kargüzarlıq işi” üzrə təlim kursunun yekun imtahanı keçirilib. İmtahan prosesində Bilik Evinin müdiri, millət vəkili Dilarə Cəbrayılova, Fondun aparıcı mütəxəssisi Aynur Seyidova və Nardaran qəsəbəsindəki 295 nömrəli tam orta məktəbin müəllimi, təlimçi Jalə Allahverdiyeva iştirak ediblər.
 
İyunun 28-də imtahandan uğurla keçən dinləyicilərə Bilik Fondunun sertifikatları təqdim olunub.
 
Həmin gün Bilik Evində “Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədəbiyyat” mövzusunda tədbir keçirilib.
 
Tədbiri A.Seyidova açaraq, Fondun son dövrlər həyata keçirdiyi maarifləndirici layihələrdən danışıb.
 
Bakı Dövlət Universitetinin professoru, filologiya üzrə elmlər doktoru, professor Yeganə İsmayılova mühazirəsində Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın tarixi, siyasi və mənəvi-psixoloji həyatında, o cümlədən o dövrün ədəbi-bədii fikir nümunələrində silinməz izlər buraxdığını bildirib.
 
Ədəbiyyatın bir xalqın taleyini formalaşdırmaq gücündə olduğunu deyən məruzəçi, xüsusən Azərbaycan poeziyasının insanlara təsir gücündən söz açıb. Bildirib ki, xalqın azadlıq arzusu məhz onun yazılarında əksini tapır və bu yazılar böyük bir dövlətin qurulmasına təkan verib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 28.06.2018

Son xəbərlər