Nardaran Bilik Evi radio və televiziya işçilərinin peşə bayramını qeyd etdi


Noyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı, Nardaran Bilik Evinin dəstəyi ilə Sabunçu rayonu Nardaran qəsəbəsi 295 nömrəli tam orta məktəbdə 6 noyabr – radio və televiziya işçilərinin peşə bayramı münasibəti ilə maarifləndirici tədbir keçirilib.

Bilik Fondunun kiçik mütəxəssisi Nərmin Əliyeva “Televiziya və radionun xalqın maarifləndirilməsində rolu” mövzusunda mühazirə ilə çıxış edərək, tarixin bu günü Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanıldığını tədbir iştirakçılarının nəzərinə çatdırıb. 1926-cı il noyabrın 6-da ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı” ifadəsi yayıldığını, bu hadisənin o vaxt Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik olduğunu qeyd edib.
 
Ölkənin texniki sahədə inkişafında gənclərin rolundan bəhs edən N.Əliyeva Azərbaycanda 11 ümumrespublika, 13 regional, 17 kabel, 27 internet, 4 peyk televiziyası, 13 ümumrespublika və 3 regional radionun fəaliyyət göstərdiyini vurğulayıb.
 
Sonda dinləyicilərin sualları cavablandırılıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 06.11.2018

Son xəbərlər