Xüsusi qayğıya ehtiyacı olan uşaqlara Şəmkir Bilik Evində psixoloji yardım


Martın 3-də Şəmkir Bilik Evi nəzdində yaradılmış “Ailə Klubu”unda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün seminar və fərdi konsultasiya keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə Qüsursuz Nitq Mərkəzinin direktoru, loqoped-defektoloq Esmira Qafarovanın apardığı seminarda Şəmkir Heydər Əliyev Mərkəzi tərəfindən dəvət olunan Distant Təhsil Mərkəzinin müəllimləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların valideynləri iştirak ediblər.
 
E.Qafarova fiziki qüsurların yaranma səbəbləri, problemin aradan qaldırılma yolları, görülməsi vacib olan lkin tədbirlər, uşaqlara psixoloji dəstəyin üsulları barədə ümumi məlumat verib.
 
Sonra valideynlərin fikirləri və təklifləri dinlənilib. Əksər iştirakçılar Şəmkirdə reablitasiya mərkəzinin yaradılması arzusunu dilə gətiriblər.
 
Qüsursuz Nitq Mərkəzinin direktoru xüsusi qayğıya ehtiyacı olan uşaqları fərdi konsultasiyaya cəlb edib, müayinələr aparıb, ilkin diaqnozlar qoyub, valideynlərə lazımi məsləhətlər verib.
 
Fərdi müayinədə iştirak etmiş uşaqlarda kəkələmə, autizm, dizartriya, əqli geriləmə, psixi və nitq inkişafının ləngiməsi, serabral iflic, dislaliya, psixonevroz, apraksiya, nitqin ləngiməsi, taxilalogiya və s. xəstəliklər aşkara çıxıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru
 
Tarix: 03.03.2017

Son xəbərlər