Bu yol bizim yolumuzdur – öyrədərək öyrənirik


Bəzən həyatın gərdişində, özün də fərqinə varmadın sürət axarına düşüb getdiyin yerdə  bir anlıq ayaq saxlayıb,  sürəti azaldıb, ətrafa, ətrafdakılara, başını qaldırıb mas-mavi səmaya baxırsan və duruxursan. Əcaba, mən bu sürətlə belə hara tələsirəm, niyə bu səmadan, axan buludlardan, aydan, günəşdən, həyatdan zövq almaq əvəzinə, hansısa axına düşüb sürətlə hərəkət edirəm? Bilə-bilə ki, bu sürət məni  həyatın sonuna döğrü aparır, niyə bu gərdişə dur demədən gedirəm? Bəlkə, bir ləngidim bu gedişi, ətrafdan, təbiətdən, dostlarla ünsiyyətdən, ulduzlardan, səmadan zövq ala-ala yaşayım sadəcə?  Deyirsən və o anı, yaxud günü, bəlkə də günləri, yaşayırsan... sonra yenə həmin axın səni ağuşuna  alır, sürətin axarına düşüb davam edirsən..."yaşamağına"...

Bu gün mənim həmin o bir anlıq dayanıb, başını qaldırıb səmalara baxan, yaşamağa qərar verən, havanı ciyərlərimə çəkib dolu-dolu nəfəs aldığım gün idi. Sabah yenidən vərdiş etdiyim axına qoşulub sürətlə həyatın sonuna doğru yürüməyə davam edəcəm... Bunu istəsəm də, istəməsəm də, həyat belə.

Şəmkirə yolçuluğa səhər tezdən çıxdıq. Yazışı-publisist Rəşad Məcidlə bərabər səfərimizin  iki səbəbi vardı. Şəmkir Heydər Əliyev Mərkəzində yerləşən  “Bilik evi”ndə Azərbaycan  Respublikasının Prezidenti yanında Bilik Fondunun “Mədəni marifləndirmə proqramı çərçivəsində Rəşad Məcidlə Şəmkir gənclərinin “İmzalı görüş”ünü keçirmək, bir də Fondun Heydər Əliyevin anadan olmasının 94–cü ildönümü ərəfəsində keçirdiyi silsilə tədbirlər çərçivəsində “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda həmin məkanda Rəşad Məcidin mühazirəsini təşkil etmək. 

 Cox işlənən bir ifadə var, birisindən soruşurlar ki,  qardaşın necə adamdır?  Cavab verir ki, yol yoldaşı olmamışam.  Yol boyu Rəşad Məcidlə daha nədən danışmadıq ki... ortaq Qarabağ - yurd həsrətimizdən söhbət açıb kövrəldik, lətifə danışıb güldük. Xoşqədəm Hidayətqızının verlişindən də bəhs etdik, mətbuatın vəziyyətindən də. Sonra Qənirə xanımın Milli Məclisdə siqaretin ictimai yerlərdə qadağa edilməsi ilə bağlı qaldırdığı məsələyə necə etiraz etdiyini deyib,  bir siqaret yandırdı Rəşad Məcid. Mənim yazılarımdan onun nəvələrinə keçdik, Qurban Yaquboğlunun qızının toyundan, Vüsalə Mahirqızının mərdliyinə daban verdik. Şirin söhbətlərlə Şəmkirə necə çatdığımızı bilmədim və sonra fərqinə vardım ki, həmsöhbətim daha çox məni dinləməklə insanı tanımağa, özü üçün kəşf etməyə maraqlı olduğu qədər də düşünmək mədəniyyətinə sahibdir. O həm dinləyir, həm də eyni səviyyədə düşünürdü. Virtual ünsiyyət insana, illah da,  ünsiyyətəyatımlı insana canlı ünsiyyəti  əvəz edə bilməz, bəzən yaxşı həmsöhbətə, həmfikirə  hava-su kimi ehtiyac duyursan. Belə bir yol yoldaşı ilə söhbət-söhbəti çəkdi və yola nərdivan oldu.

“İmzalı görüş”ə gələnlər  daha çox Şəmkir şəhər səhiyyə  və təhsil sahəsində çalışan gənclər idi. Əvvəlcədən Rəşad Məcidin şeirlər kitabını payladıq onlara, bəziləri bəlkə də ilk dəfə onun yaradıcılığı ilə tanış olurdu, bəziləri isə artıq az-şox tanıyırdılar bu imzanı, amma hər iki kateqoriyanın simasında yorğunluq vardı, işdən sonra tədbirə gəlmək ürəklərincə deyildi-gözləri bunu ifadə edirdi.

Tədbir başladı. Əvvəlcə Şəmkir rayonunun Milli Məclisdəki səlahiyyətli nümayəndəsi, yəni millət vəkili, Bilik Fondunun Şəmkirdəki “Bilik evi”nin rəhbəri  Sona xanım Əliyeva hamını salamlayıb, bizə xoş gəldiniz dedi. Sonra Rəşad Məcidlə görüşə hazırlaşarkən onun yaradıcılığı ilə tanış olmağa başldığını etiraf edib, Rəşad Məcidin  “Bayraq” şeirini söylədi. Şeiri analiz edib, bu şeirin insanda vətənpərvərlik duyğularını aşılama təsirindən bəhs etdi. Gənclərə Rəşad Məcidin həm poeziyasını, həm də nəsrini oxumağı tövsiyə etdi. Bildirdi ki, heç vaxt şeiri sevməyib, dedektiv romanlar oxumağı xoşlayır, amma Rəşad Məcidin şeirləri onun qəlbinin incə tellərinə toxunub.

 Belə bir görüşün Bilik evində keçirilməsini təşkil etdiyi üçün Bilik Fonduna təşəkkürünü ifadə edib, sözü Fondun təmsilçisinə - mənə verdi.  

Rəşad Məcidin Yazışılar Birliyində Gənclərlə iş şöbəsindəki fəaliyyətindən, gənc yazarlara dəstək olmasından, şeirlərindən, hekayələrindən bir balaca məlumat verib, bəzi şeirlərindən misralar oxudum ki, gənclərdə görüşünə gəldikləri yazarın fəaliyyəti və yaradıcılığı barədə müffəssəl məlumat olsun.

Rəşad Məcidin Əfv Komissiyasının üzvü olmasından, yol boyu telefonlarına gələn zənglərə, insanların problemlərinə, qayğılarına həssaslıqla yanaşmasından söhbət açdım. Neçə-neçə gəncin əlindən tutub ədəbiyyat aləminə gətirdıyini dedim.

Yazarla oxucuların baş-başa qaldığı hissə tədbirin ən maraqlı yeri idi. Rəşad Məcid Məmməd Arazdan, Ramiz Rövşəndən əzbər şeirlər deyib, Vısotskidən, Cek Londondan sitatlar gətirir, söhbətə bir qədər də rəngarənglik qatırdı. Bir də gördük, iki saat keçib, müzakirələr hələ də davam edir, bayaqdan üz-gözündən yorğunluq yağan insanlar tilsimə düşübmüş kimi, lirik-romantik görkəm alaraq, Rəşad Məcidin şeirlərini, söhbətlərini sinələrinə çəkir, misraları acgözlüklə dinləyirlər. Bu aləmdən onları yazıçının – niyə əl çalmırsınız? –  sualı ayırdı, salonu alqış bürüdü.

Nə yoldan, nə bütün günü ayaq üstündə qalmaqdan, uzun sürən tədbirdən, heç nədən yorulmadım bu gün, əksinə, içimdə, beynimdə, daxili dünyamda bir arxayın, rahat, təzələnmə duyğusu var.  Şəmkirin sakit mühiti, təmiz havası ruhumu dincəltdi. İnsanların da istiliyi, səmimiyyəti duyğulandırdı, silkələdi məni. Əyalət insanı bir başqadır, bütün qəlizliklərdən, çirkabdan, fırıldaqdan uzaq, bulaq kimi saf, olduğu kimi görünüb, göründüyü kimi olan. Bu insanlara yalnız hərdən yazarlarla, elm adamları ilə, sənət əhli də görüşüb, ünsiyyətdə olmaq, onları dinləmək lazımdır. Ehtiyacları bunadır. Bilik Fondu da həmin missiyanı yerinə yetirir. Tez-tez bölgələrdəki “Bilik evləri”ndə insanların, gənclərin belə mənəvi tələbatlarını ödəməyə çalışırıq.

Növbəti gün Bilik Fondunun daha bir tədbirini, Rəşad Məcidin mühazirəsini təşkil edib, sonra geri, Bakıya qayıdırıq. “Yaşamağa” doğru. Bu gün yaşananlar isə tarixə qovuşacaq, təbii ki, görüşdüyümüz gənclərin yaddaşında nəsə qalacaqsa, onların ədəbi düşüncələrində bir yüksəliş, ədəbiyyata, şeirə, mütaliəyə münasibətlərində pərvəriş yarda, dövlətə, dövlətçiliyə daha böyük sədaqət aşılaya bildiksə, deməli, məqsədimiz müqabil oldu. Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı bəhrə verəcək, çünki davam edir. Bilik Fondunun Himayəçilik Şurasının üzvü, Dövlət müşaviri, akademik, sevimli müəllimim Kamal Abdullanın verdiyi tövsiyələrlə “Öyrədərək öyrənirik”.

Qarşıda uzun yol var hələ, sürətlə irəli...xeyirxah, maarifləndirici məqsədlərə doğru.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı

 

Tarix: 05.05.2017

Son xəbərlər