Bilik Fondu İsmayıllıda qardaşlaşmış məktəblərin “İslam Həmrəyliyi İli”nə həsr olunmuş Novruz şənliyini keçirdi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə martın 17-i İsmayıllı şəhərində "Qardaşlaşmış məktəblər"in "İslam Həmrəyliyi İli"nə həsr olunmuş Novruz şənliyi keçirilib.

Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Nardaran qəsəbə 130 nömrəli, Ağsu şəhər Aslan Nadirov adına 1 nömrəli, Qəbələ rayonu Nic qəsəbə 5 nömrəli, İsmayıllı rayon Heydər Əliyev adına İvanovka, Lahıc qəsəbə, İsmayıllı şəhər 1 nömrəli, Oğuz şəhər E.Abdullayev adına 2 nömrəli tam orta məktəblilərinin iştirak etdikləri nümayəndə heyəti İsmayıllı Bilik evində qarşılanıblar. İsmayıllı Bilik evi və İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbi ilə tanışlıqdan sonra şagirdlər arasında "Qardaşlaşma sazişi" imzalanıb.

"Qardaşlaşmış məktəblər"in "İslam Həmrəyliyi İli"nə həsr olunmuş Novruz şənliyinin açılış mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək İsmayıllının xalqımızın ən gözəl bayramlarından biri olan Novruz bayramında məktəblərin qardaşlaşması kimi mübarək hadisəyə ev sahibliyi etməsindən qürur duyduğunu bildirib. M.Sadıqov rəhbərlik etdiyi rayonun artıq ikinci dəfə Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsinə cəlb olunduğunu diqqətə çatdıraraq, Fonda bu münasibətinə görə minnətdarlığını bildirib. İcra başçısı təkliflər

səsləndirərək, Bilik Fondunun Bilik evləri arasında əməkdaşlıq sazişi imzalanmasının, bu günə qədər Fondun layihələrində iştirak edən yeniyetmə və gənclərin asudə vaxtdan səmərəli istifadə edilməsinin təminatı məqsədilə istirahət mərkəzinin yaradılmasının məqsədəuyğun olduğunu deyib.

M.Sadıqov qardaşlaşmış məktəbləri Prezidentin sərəncamı ilə Cocuq Mərcanlıda aparılan tikinti bərpa işlərindən sonra fəaliyyətə başalayacaq məktəbin kitabxanasına Bilik Fondunun təşəbbüsü ilə bağışlanacaq kitabların toplanması aksiyasına qoşulmağa dəvət edib.  

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov xoş sözlərə və təkliflərə görə icra başısına minnətdarlığını bildirərək, bu günün “Qardaşlaşma sazişi” imzalamış məktəblilərin də təəssüratından heç vaxt çıxmayacağına inandığını deyib. Bilik Fondunun layihəsi çərçivəsində 50 məktəbin qardaşlaşdığını diqqətə çatdıran icraçı direktor layihənin beynəlxalq arenaya çıxdığını və bu istiqamətdə daha geniş planlar olduğunu söyləyib. O.Səmədov qardaşlaşan bütün məktəbliləri bir-biri ilə daim əlaqə saxlamağa, dostluğun, qardaşlığının bariz nümunəsinə çevrilməyə çağırıb. 

Tədbirdə İsmayıllının tarixi, infrastrukturu, nailiyyətlərini və görməli yerlərini, eləcə də Bilik Fondunun fəaliyyətini əks etdirən filmlər nümayiş olunub. Qardaşlaşma sazişi imzalandıqdan sonra məktəblilərə Bilik Fondunun hədiyyələri təqdim olunub.  

Sonra Bilik Fondunun icraçı direktoru İsmayıllı regional Bilik Evində Fondun rayon nümayəndələri və Bilik evlərinin nümayəndələri ilə görüşüb. Tədbirdə maarifləndirmə işinin daha səmərəli qurulması istiqamətində fikir mübadiləsi aparılıb.

İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsində "Azərbaycan dinlərin və millətlərin həmrəylik məkanıdır" mövzusunda "dəyirmi masa" və Bakı Dövlət Universitetinin dosenti Sevinc Əliyevanın mühazirəsi keçirilib. Dəyirmi masada çıxış edən Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev “İslam Həmrəyliyi İli” çərçivəsində həyata keçiriləcək maarifləndirici tədbirlər barədə geniş məlumat verib. O bildirib ki, “İslam Həmrəyliyi İli”nin elan olunması Multikulturalizm ilinin məntiqi davamı olaraq, dinlər və fərqli mədəniyyətlər arasnda əlaqələrin genişlənməsinə, dostluq münasibətlərinin inkişafına xidmət edir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinın şöbə müdiri Rəşad İlyasov Azərbaycan xalqını, xüsusən də İsmayıllı sakinlərini Novruz bayramı münasibəti ilə təbrik edib, qardaşlaşma hadisəsində iştirakçı olduğundan məmnunluğunu bildirib. “İslam Həmrəyliyi İli” çərçivəsində belə tədbirlərin keçirilməsini yüksək dəyərləndirən R.İlyasov ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri, bütün dinlərin daşıyıcıları arasında dostluq, səmimiyyətin hökm sürdüyünü qeyd edib.

Qardaşlaşan məktəblər nahardan sonra rayonun görməli yerlərini, tarixi abidələrini ziyarət ediblər.

Yekun olaraq, tədbir iştirakçıları İsmayıllı şəhər Uşaq istirahət və əyləncə parkında Novruz tonqalı ətrafında şənliyə qatılıblar, İsmayıllı məktəblilərinin "İslam Həmrəyliyi İli" və Novruz bayramına həsr edilmiş musiqili-ədəbi proqramı nümayiş olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru

 

 
Tarix: 17.03.2017

Son xəbərlər