İsmayıllının kənd məktəbində Cümhuriyyət tədbiri


Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İsmayıllı Bilik Evi və rayonun Keyvəndi kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Məktəbin akt zalında keçirilən tədbiri təhsil ocağının direktor müavini Məsdan Musayev açaraq 1991-ci ildə öz müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikasının, 1918-1920-ci illərdə 23 ay ərzində mövcud olan və müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olduğunu xatırladıb.

Məktəbin direktoru Qurban Ağayev də öz növbəsində gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərb və sair sahələrdə həyata keçirdiyi islahatların tarixin parlaq səhifəsi olduğunu vurğulayıb.

İsmayıllı Bilik Evinin müdiri Sevinc Novruzova tədbir iştirakçılarını 28 may Respublika Günü münasibətilə təbrik edib və bildirib ki, İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may tarixi hazırda dövlət müstəqilliyinin bərpa edilməsi günü kimi qeyd edilir.

Bayram tədbiri şagirdlərin şeirləri və mahnıları ilə davam etdirilib, AXC-nin yaranması ilə bağlı videoçarx nümayiş olunub.  

Tarix: 25.05.2018

Son xəbərlər