İsmayıllıda Y.Yevtuşenkonun yaradıcılığı xatırlandı


İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İsmayıllı Bilik Evinin təşkilatçılığı ilə İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbdə Fondun mühazirəçisi, Əməkdar mədəniyyət işçisi Rafiq Kəşanlının “Yevgeni Yevtuşenkonun yaradıcılığı” mövzusunda mühazirəsi keçirilib. Tədbiri məktəbin direktor müavini Dilbər Yəhyayeva açaraq, məktəblilərin rus ədəbiyyatına marağından bəhs edib. Bilik Evinin əməkdaşı Raqub Xəlilli Fondun “İlboyu bilik” və “Mədəni maarifləndirmə” proqramları üzrə həyata keçirdiyi layihələr barədə iştirakçıları məlumatlandırıb.
 
Respublika Mədəniyyət Fondunun sədr müavini Rafiq Kəşanlının görkəmli rus şairi Yevgeni Yevtuşenkonun yaradıcılığına həsr etdiyi mühazirəni məktəblilər böyük maraqla qarşılayıblar. Mühazirəçi ötən əsrin ikinci yarısının ən məhsuldar və ən çox oxunan rus şairinin irsindən nümunələr səsləndirib, onun 20 poemanın, təxminən 200-dək şeir və mahnı mətnlərinin müəllifi olduğunu xatırladıb.
 
Günün ikinci yarısında R.Kəşanlının İsmayıllı rayonu İvanovka kənd məktəbində də şagirdlərlə görüşü keçirilib. Yevgeni Yevtuşenkonun yaradıcılığına həsr olunmuş növbəti mühazirədən sonra şagirdlər şairin şeirlərindən nümunələr söyləyiblər.
 
Mühazirəçi məktəblilərin suallarını cavablandırıb.
 
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 04.06.2018

Son xəbərlər