Bilik Fondu Lahıc məscidinə kitablar hədiyyə edib


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “Dini maarifləndirmə” layihəsi çərçivəsində İsmayıllı rayonunun Lahıc qəsəbəsindəki Zəvəro məscidində “Azərbaycanda dövlət-din münasibətləri” mövzusunda mühazirə keçirib, dini icmaya 30 adda kitab hədiyyə edib.

AZƏRTAC xəbər verir ki, Fondun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla milli-mənəvi, dini dəyərlərimizin, dini etiqad azadlığının qorunub saxlanması və inkişafına ümummilli lider Heydər Əliyevin göstərdiyi qayğının hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, mükəmməl mexanizmə malik, uğurla həyata keçirilən dövlət siyasətinə çevrildiyini diqqətə çatdırıb.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Konstitusiyasında, “Dini etiqad azadlığı haqqında Qanun”da və digər qanunvericilik aktlarında dövlət-din münasibətləri ən sivil formada tənzimlənir, Azərbaycan Prezidenti dini qurumlara, icmalara, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliğinə daim diqqət, qayğı göstərir, bu məqsədlə dəfələrlə maliyyə yardımı göstərib. Əgər 1985-ci ildə Azərbaycanda cəmi 18 qeydiyyatdan keçmiş məscid, 53 qeydiyyatdan keçmiş dini icma mövcud idisə, hazırda ölkəmizdə 2166 məscid var, dindarlar öz dini inanclarını yerinə yetirməsi üçün hər cür azadlığa malikdir. O cümlədən qədim Lahıcda son illər abadlaşdırılmış, təmir edilmiş 5 məsciddə dindarlar dini ayinləri sərbəst icra edirlər.

Dini icmanın sədri Əlisoltan Quliyev deyib ki, Azərbaycan bütün din nümayəndələrinin rahat və təhlükəsiz yaşadığı bir məkandır və bu model dünya ölkələri üçün örnəkdir. Ölkəmiz həm iqtisadi, həm də mənəvi cəhətdən inkişaf edir. Lahıcda sağlam düşüncəli insanlar çox olduğu üçün burada məzhəb ayrı-seçkiliyi yaratmaq heç zaman mümkün olmayıb. Dünyada İslam dininə xələl gətirmək istəyən qüvvələr var. Azərbaycan hər zaman bununla mübarizə aparıb və İslam həmrəyliyinə böyük töhfə verib. Bu, Azərbaycanın dövlət rəhbərinin siyasətidir və bu siyasət öz bəhrəsini verir.

Dindarlar Prezident İlham Əliyevin Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən Dəmirçi–Lahıc avtomobil yolunun tikintisi üçün Sərəncam imzaladığını, bu möhtəşəm layihənin tezliklə başa çatacağını da razılıq hissə ilə vurğulayıblar.

Bilik Fondunun sektor müdiri Hacı Abdulla AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Prezident Administrasiyası rəhbərinin 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına müvafiq olaraq, Bilik Fondu tərəfindən indiyədək məscid, kilsə və sinaqoqlara dini maarifçiliyi və dini həmrəyliyi, milli-mənəvi dəyərlərimizi təbliğ edən, azərbaycançılıq məfkurəsinin möhkəmlənməsinə xidmət edən iki min üç yüzdən çox kitab da hədiyyə edilib, 100-dən çox maarifləndirici tədbir təşkil olunub.

Tarix: 02.07.2018

Son xəbərlər