Müəllim və şagirdlər internetdə təhlükəsizlik məsələləri ilə bağlı maarifləndirilir


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar (NRYTN), Təhsil nazirliklərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə Elektron Hökumət Təlim-Tədris Mərkəzində Təhlükəsiz İnternet Günü və Fərdi Məlumatların Mühafizəsi Günü ilə əlaqədar maarifləndirici tədbir keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbir paytaxtla yanaşı, mərkəzin Şamaxı, Mingəçevir, Gəncə, Lənkəran, Qəbələ və Bərdə regional mərkəzlərində də videokonfrans şəklində təşkil olunub. Çıxış edənlər internetdə təhlükəsizlik məsələləri, eləcə də fərdi xarakterli məlumatların mühafizəsinin informasiya əsrinin prioritetlərindən olduğunu qeyd ediblər.

İştirakçılara məlumat verilib ki, gənclər və uşaqlar arasında internetdən təhlükəsiz istifadəni təbliğ etmək, xüsusən də gələcək nəsilləri qlobal şəbəkədəki mövcud təhdidlərlə bağlı məlumatlandırmaq məqsədilə Avropa Təhlükəsiz İnternet Mərkəzləri şəbəkəsi “INSAFE” tərəfindən 2004-cü ildə Təhlükəsiz İnternet Günü təsis edilib. Beləliklə, müxtəlif şüarlar altında dünyanın yüzdən çox ölkəsində Təhlükəsiz İnternet Günü ilə bağlı maarifləndirmə xarakterli tədbirlər keçirilib. Bu il Təhlükəsiz İnternet Günü “Hörmət və ehtiram dolu mühit yarat, qoşul və paylaş: Daha yaxşı internet səndən başlayır” şüarı altında keçirilib.

Sonra dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının tanınmış ekspertləri fərdi məlumatların internetdə qorunmasının vacibliyi, müasir texnologiyaların informasiya təhlükəsizliyinə təsiri və beynəlxalq trendlər haqqında təqdimatla çıxış ediblər.

 

Tarix: 08.02.2018

Son xəbərlər