“İKT-də qızlar” günü qeyd edildi


Aprelin 26-da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı əsasında “Üfüqləri genişləndirək, yanaşmaları dəyişək” mövzusunda videokonfrans keçirilib.
 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzində “İKT-də qızlar” günü münasibəti ilə keçirilən videokonfransda Bakı, Şamaxı, Gəncə, Mingəçevir, Lənkəran, Bərdə və Qəbələdən olan xanımlar iştirak ediblər.
 
Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Təhsil, Mədəniyyət nazirliklərinin, Bilik Fondunun, “Yüksək Texnologiyalar Parkı” MMC-nin, Məlumat Hesablama Mərkəzinin, “Femmes Digitales” və “WoWoman” qadın klublarının, “ABAD” publik hüquqi şəxsin, “Qadınların İnkişafına və Maarifləndirilməsinə dəstək” İctimai Birliyinin nümayəndələri çıxış ediblər.
 
Bildirilib ki, son illərdə “İKT-də qızlar” günü çərçivəsində həyata keçirilən layihələrin miqyası xeyli genişlənərək, birgünlük tədbir formatından əhatəli fəaliyyət proqramlarına çevrilib.
 
Natiqlər qeyd ediblər ki, İKT gender bərabərliyi, qadınların hüquq və imkanlarının genişləndirilməsinin təmin edilməsində əsas amillərdən biridir. Bu texnologiyalardan istifadə imkanına malik olan qadınlar yeni iş yerlərinin yaradılması və sahibkarlıq fəaliyyətinin inkişafı kimi imkanlardan da asanlıqla istifadə edə bilərlər.
 
Dünya ictimaiyyəti aprelin sonuncu həftəsinin dördüncü gününü “İKT-də qızlar” günü kimi qeyd edir. “İKT-də qızlar” günü Birləşmiş Millətlər Təşkilatının (BMT) İKT sahəsində ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən təsis edilib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 26.04.2018

Son xəbərlər