Qaradağda "Heydər Əliyev və Azərbaycan mətbuatı" mövzusunda mühazirə təşkil olundu


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Qaradağ rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan tədbir keçirilib.
 
Qaradağ rayonu Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Təranə İsmayılova Ulu öndər Heydər Əliyevin Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu sahəsindəki misilsiz xidmətlərindən danışıb. Vurğulanıb ki, söz azadlığı, mətbuatın müstəqilliyi, insan hüquq və azadlıqlarının qorunması Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu dövlət siyasətinin əsas prioritetlərindən biri idi. Məhz Ulu Öndərin apardığı uğurlu siyasət müasir mətbuatın inkişafının əsas təminatçısına çevriib.
 
Bilik Fondunun İnformasiya təminatı sektorunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı təmsil etdiyi qurumun təşkilatçılığı ilə hazırlanan və Ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan maarifləndirici mühazirələrdən, keçirilən tədbirlərdən danışıb.
 
Tədbirdə "Heydər Əliyev və Azərbaycan mətbuatı" mövzusunda geniş məruzə ilə çıxış edən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, siyasi elmlər doktoru Hikmət Babaoğlu bildirib ki, Azərbaycanın milli mətbuatı böyük mübarizə və inkişaf yolu keçərək indiki mərhələyə gəlib çatıb. Millət vəkili qeyd edib ki, Azərbaycanda mətbuata dövlət qayğısı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır: " Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi və tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtması bütün sahələrdə olduğu kimi mətbuatın da inkişafında mühüm dəyişikliklərə səbəb oldu O dövrdə Azərbaycan mətbuatının yeni keyfiyyətdə formalaşması məhz bu gün şahidi olduğumuz intellektual, inkişaf etmiş mətbuata gətirib çıxardı. Amma bu yol asan olmadı. Bildiyimiz kimi, o dövrdə çox ciddi əngəllər var idi. Bunlardan biri mətbuata dövlət nəzarətini təmin edən baş idarə-senzura idi. Yalnız Azərbaycan mətbuatının böyük hamisi və qayğıkeşi, mətbuatın missiyasını və funksiyasını dərindən başa düşən, onu lazımınca qiymətləndirməyi bacaran Ulu öndər Heydər Əliyev 1998-ci ildə mətbuat üzərində senzuranı ləğv etdi. Bundan başqa, 1999-cu ilin sonunda “Kütləvi informasiya vasitələri haqqında” yeni Qanunun qəbulu media təsisatının inkişafını şərtləndirən, bəhs edilən sahəyə müvafiq surətdə sahəvi və ümummilli münasibətləri tənzimləyən hüquqi bazanın zənginləşdirilməsi işinə əhəmiyyətli töhfə oldu. 2000-ci ilin mart ayında Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiq olundu. İdarəçilik sisteminin islahatı çərçivəsində Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, kütləvi informasiya vasitələrinin yaranması və fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsi məqsədilə, Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı. 2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Bütün bunlar öz növbəsində Azərbaycanda söz, fikir və mətbuat azadlığının bərqərar olunması üçün əlamətdar tarixi hadisələr kimi qiymətləndirilməlidir. Təbiidir ki, Ulu öndərin atdığı bu addımlar KİV ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilirdi. 2002-ci ildə Ümummilli liderimiz Heydər Əliyevin “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən “Jurnalistlərin dostu” adına layiq görülməsi bir daha onu göstərdi ki, milli mətbuatın inkişafına xüsusi diqqət və qayğı göstərən Ulu öndər Heydər Əliyev jurnalistlərin gerçək hamisidir. Əsası Ulu öndərimiz tərəfindən qoyulan və mətbuata qayğını, dost münasibəti özündə əks etdirən siyasi kurs hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 30.04.2018

Son xəbərlər