Lahıcda Beynəlxalq Elmi Konfrans (ITV, VIDEO, FOTO)


 
Xalqımızın ədəbi yaradıcılığının – folklorumuzun tədqiqi, tədrisi və təbliğinin aktual problemləri ilə bağlı beynəlxalq elmi tədbir xalq sənətinin zənginliyini özündə əks etdirən məkanda – İsmayıllı rayonunun Lahıc qəsəbəsində keçirilib.
 
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Folklor milli kimlik kontekstində” mövzusunda keçirilmiş Beynəlxalq Elmi Konfrans Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunub.
 
Konfransın plenar iclasında giriş sözü ilə çıxış edib qonaqları salamlayan rayon icra hakimiyyətinin başçısı, professor Mirdaməd Sadıqov yerli və əcnəbi alimlərin məhz Lahıc qəsəbəsində bir araya gəlməsinin heç də təsadüfi olmadığını, dövlət qayğısı ilə əhatə olunmuş bu qədim yaşayış məntəqəsinin dünyada xalq sənətkarlığı məktəbi kimi tanındığını bildirib.
 
AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov “Xalq ədəbiyyatı və milli kimlik məsələləri” mövzusunda məruzəsində folklor tədqiqatlarının xalqın milli mənsubiyyətinin müəyyənləşdirilməsindəki əhəmiyyətindən, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov rəhbərlik etdiyi qurumun folklorumuzun təbliği istiqamətində həyata keçirdiyi layihələrdən, Folklor İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Kamran Əliyev folklorun dövlət idarəçiliyi sistemi ilə bağlılığından, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyinin mətbuat katibi Həmid Qaradəniz Cümhuriyyət uğrunda türk-islam ordusunun xalq ədəbiyyatının zənginləşdirmiş azadlıq mücadiləsindən, Moskva Dövlət Universitetinin professoru İrina Kaçinskaya rus malakanların Azərbaycan mədəniyyətinə verdikləri töhfədən, Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev milli kimlik məsələlərinin hüquqi müstəvidə araşdırılması zəruriliyindən, Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi Azərbaycan dastanlarının xarici ölkələrdə tədqiqindən söz açıblar.
 
Plenar iclasın sonunda ötən il İsmayıllı şəhərində “Gücümüz birliyimizdədir” mövzusunda keçirilmiş Elmi Konfransın materiallarından ibarət məqalələr toplusunun təqdimatı keçirilib.
 
Konfransın dörd bölməsinə folklorşünaslığın aktual problemlərinə dair 95 elmi məruzə təqdim olunub. Bölmə iclaslarında çıxış edən alim və tədqiqatçılar Azərbaycan folklorunun aktual problemləri ilə bağlı araşdırmalarının əsas müddəaları ətrafında fikir mübadiləsi aparıblar.
 
Tədbir iştirakçıları Lahıc qəsəbəsində xalq sənəti nümunələri ilə tanış olub, İctimai Televiziyanın “Carçıfilm” Yaradıcılıq Birliyinin İsmayıllının folklor mədəniyyətinə həsr olunmuş sənədli filminin çəkilişində iştirak ediblər.
 
Həmin gün Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə İsmayıllı Bilik Evində “Azərbaycan folklorunda qadın obrazı” mövzusunda “dəyirmi masa” keçirilib. Fondun sektor müdiri, filologiya üzrə fəlsəfə doktoru Xatirə Hüseynovanın moderatorluğu, yerli ziyalıların və Bilik Evində təşkil olunmuş təlim kursu dinləyicilərinin iştirakı ilə keçirilmiş tədbirdə AMEA-nın Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mətanət Şəkixanovanın “Azərbaycan folklorunda qadın obrazı” və Fəlsəfə İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru İradə Zərqanayevanın “Azərbaycan folklor nümunələrində kişi-qadın münasibətlərinin harmoniyası” mövzularında məruzələri dinlənilib.
 
Lahıc qəsəbəsindəki Beynəlxalq Elmi Konfransın mövzusuna uyğun təşkil olunmuş “dəyirmi masa” İsmayıllı Bilik Evinin fəalları və yerli gənclər tərəfindən böyük maraqla qarşılanıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 02.07.2018

Son xəbərlər