Bilik Fondu Xəzər rayonunda ilk dəfə səs verəcək gənclərlə görüş təşkil etdi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Xəzər Rayon İcra Hakimiyyəti və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə Xəzər rayon Gənclər Evində “İlk dəfə  səs verirəm” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə 11 aprel 2018-ci il tarixində keçiriləcək növbədənkənar Prezident seçkilərində ilk dəfə səsvermə hüququndan istifadə edəcək gənclər iştirak ediblər.

Pirallahı qəsəbəsindən olan gənclərin də qatıldığı tədbiri giriş sözü ilə Xəzər rayon Gənclər və İdman Baş İdarəsinin rəisi Vüqar Əliyev açaraq, gənclərin cəmiyyətin inkişafındakı xidmətlərindən söz açıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin məsul əməkdaşı Kənan Firdovsioğlu ölkədə aparılan gənclər siyasətindən danışıb.   

Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev seçkilərlə bağlı maarifləndirmə işində həyata keçirilən fəaliyyət barədə məlumat verib və gəncləri səsvermə günü fəal olmağa çağırıb.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov ölkədə gənclərin inkişafına yaradılan şəraitdən danışıb və yeni nəslin nümayəndələrinin bu şəraitdən səmərəli şəkildə bəhrələndiklərini bildirib. İdarə rəisi gənclərin cəmiyyətdə fəallığını xüsusilə qeyd edərək, yeni nəslin nümayəndələrinin hər ötən dövrdə dövlətçilik ənənələrinə daha da sadiq qaldıqlarını diqqətə çatdırıb. 

13 saylı Xəzər-Pirallahı seçki dairəsinin məsul əməkdaşı Elşən Rüstəmov iştirakçılara seçki prosesinin xüsusiyyətləri barədə məlumat verib.

Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev tədbirdə “Seçki qanunvericiliyi: hüquqlarımız və vəzifələrimiz” mövzusunda mühazirə söyləyib. Gənclərin seçki hüququ ilə bağlı keçiriləcək maarifləndirici tədbirlərin coğrafiyasının genişləndirilməsi və bu fəaliyyətin Bilik Fondu ilə əlaqələndirilməsinin zəruriliyini vurğulayan İ.Vəliyev bildirib ki, beynəlxalq ekspertlər qüvvədə olan Seçki Məcəlləsinin seçkilərlə bağlı bütün qanunvericilik normalarını özündə əks etdirərək, Avropa standartlarına uyğun tərtib olunduğunu birmənalı şəkildə qeyd edirlər. Xüsusən, gənclik belə bir məcəllənin verdiyi imkanlardan maksimum yararlanmağa çalışmalı, seçkidə fəal iştirak etməli və nəticələrə kölgə salmaq istəyən qüvvələr olarsa, onların qarşısına fakt və dəlillərlə çıxmağa səy göstərməlidir.

Qonaqlar ilk dəfə səs verəcək seçicilərin suallarını ətraflı şəkildə cavablandırıblar.  

 

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun Mətbuat xidməti

Tarix: 09.03.2018

Son xəbərlər