Bilik Fondu ilk dəfə səs verəcək Sabirabad, Kürdəmir, Hacıqabul gəncləri ilə maarifləndirici görüş təşkil etdi


Aprelin 11-də keçiriləcək prezident seçkilərində ilk dəfə səs verəcək gənclərin maarifləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və yerli icra hakimiyyəti orqanlarının təşkilatçılığı, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının dəstəyi ilə silsilə tədbirlər davam edir.

Sabirabad Gənclər Evində təşkil olunan regional görüşə Kürdəmir və Hacıqabul rayonlarının ilk dəfə səs verəcək gəncləri də qatılıblar.  

Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov tədbirin mahiyyəti barədə ümumi məlumat verərək, qonaqları iştirakçılara təqdim edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev təmsil etdiyi qurumun MSK və icra hakimiyyətləri ilə birgə "İlk dəfə səs verirəm" mövzusunda keçirdiyi silsilə maarifləndirici görüşləri xatırladaraq, belə tədbirlərin nəticəsində gənclərin hüquqi bilgilər qazandıqlarını deyib. Bildirilib ki, beynəlxalq ekspertlər qüvvədə olan Seçki Məcəlləsinin seçkilərlə bağlı bütün qanunvericilik normalarını özündə əks etdirdiyini,  Avropa standartlarına uyğun tərtib olunduğunu birmənalı şəkildə qeyd edirlər. Xüsusən, gənclik belə bir məcəllənin verdiyi imkanlardan maksimum yararlanmağa çalışmalı, seçkidə fəal iştirak etməli və nəticələrə kölgə salmaq istəyən qüvvələr olarsa, onların qarşısına fakt və dəlillərlə çıxmağa səy göstərməlidir.

Dövlətin yürütdüyü gənclər siyasətinin uğurlarından söz açan İ.Vəliyev  bu sahədə görülən işlərdən danışıb, prezident seçkilərində hər bir kəsin fəal iştirakı və səsvermə hüququndan yararlanmasının vətəndaşlıq borcu olduğunu söyləyib, Bilik Fondunun seçkidə ilk dəfə səs verəcək gənclər üçün maarifləndirici metodik vəsaiti çapa hazırladığını diqqətə çatdırıb.                                         

Görüşdə "Seçki qanunvericiliyi: hüquqlarımız, vəzifələrimiz və mənəvi borcumuz” mövzusunda məruzə edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, professor Fəxrəddin Nağıyev seçki prosesində ilk dəfə iştirak edəcək gənclərin hüquq və vəzifələrindən danışıb, Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının Seçki Məcəlləsinin bir sıra müddəalarının mahiyyətini tədbir iştirakçılarına açıqlayıb.

63 saylı Sabirabad birinci seçki dairəsinin katibi Azər Hüseynov, Sabirabad rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Kürdəmir icra nümayəndəsinin müavini Məhəmməd Bağırov, Hacıqabul rayonu, Nəvai qəsəbəsi 2 nömrəli məktəbin direktoru Zaur Qasımov çıxış edərək, təmsil etdikləri bölgələrdə seçkilərə hazırlıqla bağlı məlumat veriblər. Bildirilib ki, Azərbaycan gənclərinin seçkidə iştirakı onların parlaq gələcəyinin təminatı olacaq, seçmək hüququndan istifadə isə siyasi mədəniyyətin vacib komponentidir.

Çıxışlardan sonra iştirakçıların sualları ətraflı cavablandırılıb.

 

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun Mətbuat xidməti

Tarix: 02.04.2018

Son xəbərlər