Bilik Fondu Folklor İnstitutunda görüş təşkil etdi


İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda “Azərbaycan-Misir mədəni əlaqələrinin keçmişi, bugünü və perspektivləri” mövzusunda görüş təşkil edib.
 
İnstitut əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri, Səfirliyin mədəniyyət attaşesi Əhməd Sami Elaydinin mühazirəsi dinlənilib.
 
AMEA-nın Folklor İnstitutunun rəhbərliyi və kollektivinin, Bilik Fondunun Beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənovun iştirakı ilə baş tutan tədbirdə İnstitutun direktoru, professor Muxtar İmanov xalqlar arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında folklor mədəniyyətinin oynadığı roldan danışıb. Qeyd edib ki, əksər xalqların folklor nümunələrində bir çox oxşar cəhətlər var.
 
Ə.Elaydi çıxışında təmsil etdiyi ölkənin qədim mədəniyyəti, Misir-Azərbaycan əlaqələrinin tarixi və bu əlaqələrin inkişaf mərhələləri barədə ətraflı məlumat verib. Məruzəçi Azərbaycanla Misir arasında dostluq münasibətlərinin yüksələn xətt üzrə davam etdiyini xatırladaraq, elmi və mədəni əlaqələrin daha da genişlənməsi məqsədi ilə keçmişin dərindən öyrənilməsinə ehtiyac olduğunu bildirib.
 
Tədbirdə qonağa Folklor İnstitutunun Azərbaycan folklorunun incilərindən ibarət hədiyyə dəsti təqdim olunub.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 22.06.2018

Son xəbərlər