Bilik Fondu VI Bakı Beynəlxalq Humanitar Forumda


Oktyabrın 25-də Heydər Əliyev Mərkəzində VI Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimi olub. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 580-dən çox nümayəndə qatılıb.
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Forumun rəsmi açılış mərasimində iştirak ediblər. Açılış mərasimindən sonra Forum plenar və işçi sessiyalarla işini davam etdirib.
 
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” mədəniyyət ili çərçivəsində “Ekstremizm və islamafobiyaya qarşı mübarizə mexanizmi kimi vasitəçilik və dialoq mədəniyyəti” üzrə milli seminar M.F.Axundov adına Milli Kitabxanada təşkil olunub.
 
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrinin iştirakçılara ünvanladığı məktub oxunub.
 
Paneldə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev “Yeni insanın formalaşmasında dini ekstremizmlə mübarizənin rolu: hüquqi və fəlsəfi aspektləri” mövzusunda məruzə ilə çıxış edib. Ekstremizmə qarşı mübarizədə dövlət siyasətinin mühüm istiqamətlərindən söz açan natiq cəmiyyətin gələcək inkişafı naminə beynəlxalq standartlara cavab verən yeni düşüncə tərzinin formalaşmasının vacib elementləri barədə fikirlər səsləndirib.
 
Tədbirdə millət vəkili, tarix elmləri doktoru Pərvin Kərimzadə, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev və digər tanınmış elm adamları nitq söyləyiblər.
 
Panelin təşkilatçıları tərəfindən çıxışçılara sertifikatlar verilib.
 
2010-cu ildən təşkil olunan Forumun təşəbbüsçüləri Azərbaycan və Rusiya prezidentləridir. Beynəlxalq Humanitar Forum qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə müxtəlif ölkələrdən tanınmış dövlət xadimlərini, elmin fərqli sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının nümayəndələrini bir araya toplayan mötəbər tədbirdir.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 25.10.2018

Son xəbərlər