Bilik Fondu intellektual yarış keçirdi - “Bilikdən birlik doğar" (Video, ITV)


 

Dekabrın 6-ı Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu könüllülərin fəaliyyətinə dəstək məqsədilə Beynəlxalq Könüllülər Gününə həsr olunmuş intellektual yarış keçirdi. Yarış Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında oldu.

“Bilikdən birlik doğar” intellektual yarışda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin könüllülərindən ibarət komandalar iştirak etdilər.

Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev hər birində 6 nəfər olmaq şərti ilə yarışa qatılan 6 komandanın iştirakçılarına uğurlar arzulayaraq, könüllülük prinsipinin dəyərə çevrildiyini diqqətə çatdırdı. Aparat rəhbəri könüllülərin təmsil etdikləri rəsmi qurumlarla Bilik Fondunun əməkdaşlığını xatırladaraq, bu əməkdaşlığa gənclərin dəstək verməsinin təqdirəlayiq hal olduğunu bildirdi.

Sonra yarışa start verildi. İki turdan ibarət müsabiqənin təşkilatçıları suallar paketinə tarix, mədəniyyət, ədəbiyyat, müasir texnologiyalara dair suallarla yanaşı, 2016-cı ilin Multikulturalizm ili olduğunu nəzərə alaraq, müvafiq mövzuda suallar da salmışdılar. 30 sual ətrafında gərgin keçən yarışmada cəmi bir komanda qalib elan edildi.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti 6 komanda arasında birinci oldu. Qaliblər kubok, diplomlarla, digər 5 yerin sahibləri isə təşəkkürnamələrlə təltif olundular. Bununla yanaşı, bütün iştirakçılara Bilik Fondunun kitab hədiyyələri verildi.

1985-ci ildən etibarən hər il 5 dekabr BMT-nin Baş Məclisi tərəfindən Beynəlxalq Könüllülər Günü kimi qeyd edilir.

 

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun İnformasiya təminatı sektoru

 

Tarix: 06.12.2016

Son xəbərlər