"Qardaşlaşan məktəblər" -50 - Multikultural hadisə (Video)


 
 
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu "İl boyu bilik" proqramı çərçivəsində "Qardaşlaşmış məktəblər" layihəsini davam etdirir. Bu günə qədər 47 məktəbin qoşulduğu layihəyə daha 3 məktəb əlavə olunub.
 
Azərbaycanda 2016-cı ilin "Multikulturalizm ili” elan olunduğunu nəzərə alaraq, bu dəfə "Qardaşlaşma sazişi" müxtəlif xalqların nümayəndələrinin təhsil aldıqları məktəblər arasında imzalanıb. İmzalanma mərasimi Ulu Öndər Heydər Əliyevin anım günü ərəfəsi - dekabrın 10-da Şəmkir şəhərində təşkil edilib.
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə gerçəkləşən "Ölkəmizi tanıyaq" layihəsinin davamı olan "Qardaşlaşmış məktəblər" layihəsi İsmayıllı rayonu Hacıhətəmli kənd tam orta məktəbi, Qəbələ şəhər Nicat Apayev adına 4 nömrəli tam orta məktəbi və Şəmkir şəhər Əhməd Cavad adına tam orta məktəbin şagirdlərinin iştirakı ilə həyata keçirilib.
 
İsmayıllı-Qəbələ-Şəmkir marşrutu üzrə 10-11 dekabr tarixlərində gerçəkləşən layihə çərçivəsində Şəmkir ev sahibi rolunda çıxış edib. Şəmkirli məktəblilər qonaqları Bayraq meydanında qarşılayıblar. İsmayıllı məktəbindən hapıtlar, Qəbələ məktəbindən ləzgilər, Şəmkir məktəbindən Azərbaycan türkləri birlikdə Əhməd Cavad adına tam orta məktəbdə olub, dahi şairin büstü ətrafında ağac əkiblər. Sonra mərasim məktəbdə davam etdirilib. Şəmkir rayon təhsil şöbəsinin müdiri Məcid Şıxlinski, Gənc Müəllimlər Birliyinin sədri Hafiz Pənahov, İcra Hakimiyyəti nümayəndələri, müəllim və şagirdlərin iştirakı ilə çay süfrəsi arxasında keçirilən görüşdə məktəbin direktoru Səfər Məmmədov rəhbərlik etdiyi təhsil ocağının "Qardaşlaşmış məktəblər" layihəsinə qoşulmasına şərait yaratdığına görə Bilik Fonduna minnətdarlığını bildirib və qonaq şagirdləri Şəmkirdə görməkdən məmnunluğunu ifadə edib. Görüşdə məktəblilərə hədiyyələr təqdim olunub.
 
Məktəblilər arasında "Qardaşlaşma sazişi" Şəmkir Heydər Əliyev Mərkəzində imzalanıb. Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədovun iştirakı ilə keçirilən imzalanma mərasimində Bilik Fondunun mətbuat katibi Ceyhiun Musaoğlu layihənin mahiyyəti barədə ətraflı məlumat verərək, bildirib ki, bu layihəyə qoşulan məktəblilər ölkəmizi daha yaxından tanıyıb sevəcəklər. Şagirdlərin və məktəb direktorlarının imza atdıqları müqavilədə bir sıra öhdəliklərin əksini tapdığına diqqət çəkən mətbuat katibi bu öhdəliklərə əməl olunmaqla pedaqoji və şagird kollektivləri arasında əlaqələrin davamlı xarakter alacağını, məktəblərdə xüsusi Qardaşlıq guşələrinin yaradılacağını, il boyu birgə təcrübə və informasiya mübadiləsi aparılacağını deyib.
 
C.Musaoğlunun sözlərinə görə, "Qardaşlaşmış məktəblər” layihəsi müxtəlif bölgələrdən olan məktəblilər arasında "bilik körpüsü”nün yaradılmasına, şagirdlərin intellektual səviyyəsinin yüksəldilməsinə və dünyagörüşlərinin genişləndirilməsinə, istedadlı gənclərin aşkarlanmasına şərait yaradacaq.
 
Bilik Fondu rəsmisi qardaşlaşacaq şagirdlərin müxtəlif xalqların təhsil aldılqları məktəblərdən seçilməsini 2016-cı il Multikulturalizm ilinə töhfə adlandırıb.
 
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı A.Məmmədov çıxış edərək, bu qardaşlaşmanın əbədi olacağına əminliyini bildirib. Natiq vurğulayıb ki, Şəmkir qardaşlaşan bütün azərbaycanlılara qucağına açıb. İcra başçısı rayonda aparılan abadlıq-quruculuq işlərindən danışaraq, gələcək nəslin azad, xoşbəxt, rahat yaşaması üçün dövlətin böyük işlər gördüyünü xatırladıb.
 
İmzalanma mərasimində icra başçısına Bilik Fondunun hədiyyələri də təqdim olunub. Hədiyyələrin Fondla İcra Hakimiyyətinin səmimi əməkdaşlığının təzahürü olduğu vurğulanıb.
 
Proqrama uyğun olaraq, məktəblilər "Qardaşlaşma sazişi"nə imza atdıqdan sonra onların Şəmkir şəhərində ekskursiyası təşkil olunub. Onlar Şəmkir şəhərində yerləşən Kirxaya gediblər. Burada məktəblilərə Kirxa barədə geniş məlumat verilib. Məktəblilər Bayraq Meydanı Muzeyi və Gənclər evi ilə də yaxından tanış olublar. İsmayıllı və Qəbələ məktəbliləri qardaşlaşdıqları şəmkirli şagirdlərin ailələrində qonaq olublar.
 
Layihənin iştirakçıları Bilik Fondu, Azərbaycan Universiteti və "Hədəf” nəşrlər evinin birgə təşkilatçılığı ilə dekabrın 11-də Şəmkir Heydər Əliyev Mərkəzində keçirilən "Fənlərin dostluğu" Olimpiadasına da qatılıblar.

 

Tarix: 10.12.2016

Son xəbərlər