Bolqarıstanın Azərbaycandakı səfiri Gəncə və Şəmkirdə oldu(VİDEO)


 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "İl boyu bilik" proqramı çərçivəsində həyata keçirdiyi "Azərbaycan əcnəbilərin gözü ilə" layihəsinə qoşulan Bolqarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Maya Xristova yanvarın 29-u və 30-daBilik Fondunun əməkdaşı Almaz Axundovanın müşayiəti iləGəncə və Şəmkir şəhərlərinə səfər edib.

Azərbaycan və Bolqarıstan arasında diplomatik əlaqələrin 25 illiyi münasibəti ilə gerçəkləşdirilən səfər zamanı xanım M.Xristova Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva ilə görüşüb. Bolqarıstanın Azərbaycandakı səfirini Qədim Nizami yurdu Gəncədə görməkdən şad olduğunu deyən S.Qurbanəliyeva ölkələrimiz arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib.

Səfir Azərbaycan xalqı ilə Bolqarıstan xalqının tarixən bir-birinə yaxın olduğunu deyərək, münasibətlərin həm dövlət başçıları, həm hökumətlər, həm də xalqlar arasında yüksək səviyyədə olduğunu vurğulayıb: "Biz bilirdik ki, Gəncə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biridir. Lakin etiraf edim ki, gözlədiyimdəm daha çox şey gördüm. Gəncə həqiqətən çox gözəl şəhərdir. Zəngin mədəniyyət və tarixiliklə yanaşı, şəhərdə həyat eşqi hiss olunur. Bir sözlə, Gəncənin özünəxas aurası var. Gördüklərim məni heyran etdi”.

Maya Xristova Nizami Gəncəvinin məqbərəsində, Qala Qapıları, Məhsəti Mərkəzi və Heydər Əliyev Mərkəzində olub. Gəncə şəhərinin tarixi abidələri, muzey və mədəniyyət mərkəzləri ilə tanışlıq xanım səfirdə xoş təəssürat yaradıb. 

Yanvarın 30-da Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev, müavin Fəxrəddin Vəliyev, Şəmkir Mədəniyyət və Turizm şöbəsinin müdiri Əsgər Ələsgərovla görüş zamanı səfirə rayonun tarixi, coğrafi mövqeyi, iqtisadi imkanları, bu ərazidə yaşayan müxtəlif xalqların həyat tərzi, yaşayış səviyyəsi haqqında geniş məlumat verilib.

Maya Xristova Şəmkirə səfərindən məmnunluğunu ifadə edib. Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayan diplomat gələcəkdə ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyindən danışıb.

Daha sonra səfir Şəmkir şəhərində yerləşən Alman Lüteran kilsəsi, Heydər Əliyev Mərkəzi, “Zəka” Gənclərin İntelektual İnkişafı və Yaradıcılıq Mərkəzi ilə yaxından tanış olub, şəhərin müxtəlif tarixi məkanlarını gəzib.  

 

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 01.02.2017

Son xəbərlər