Bilik Fondunda Kamal Abdullanın dil dərsi keçirilib (VİDEO)


 

Kamal Abdulla: “Dilə olan məhəbbət Vətənə sevgi, bayrağa ehtiram, himnə sayqıdır”

21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Himayəçilik Şurasının üzvü, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri akademik Kamal Abdullayevin "Dilçi olmayanlar üçün dil dərsi" keçirilib.

Tədbirdə Musiqi Akademiyası, Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri, AMEA-nın müxtəlif institutlarının nümayəndələri iştirak ediblər.

Azərbaycan dilinin zənginliyindən, incəliyindən və geniş imkanlarından bəhs edən akademik dilimizin yayılma arenasının genişliyindən söz açıb: “Bu gün Azərbaycan dili dövlət dili olaraq Azərbaycan ərazisində yaşayan bütün xalqların doğma dilidir”.

Ulu öndər Heydər Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində gördüyü işlərdən danışan dövlət müşaviri bildirib ki, bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dili kimi tətbiqi, diplomatiya sahəsində işlənməsi, dünyanın ən mötəbər tribunalarından eşidilməsi Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dil siyasəti ilə bağlıdır: “Ulu öndər ən dərin mətləbləri hər bir insanın qəlbinə nüfuz edəcək bir dildə anlaşıqlı və rəvan çatdıra bilirdi, fikirlərindəki saflıq, axıcılıq dilində özünü büruzə verirdi. Ümummilli liderin “Şəxsən mən öz ana dilimi sox sevir və bu dildə danışmağımla fəxr edirəm” kəlamı ana dilimizə olan məhəbbətin təzahürüdür və hər bir soydaşımız üçün örnəkdir. Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir”.

Sonra K.Abdullayev Azərbaycan klassik ədəbiyyatının nümayəndələrindən müxtəlif sitatlar gətirməklə ana dilimizin geniş imkanlarından söz açıb, gəncləri ana dilimizi sevməyə, qorumağa və zənginləşdirməyə çağırıb.

İnteraktiv formada səmimi şəraitdə keçən görüşdə akademik K.Abdullayev gənclərin çoxsaylı suallarını cavablandırıb.  

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru
Tarix: 21.02.2017

Son xəbərlər