“Qafqaz Albaniyasının qəbir abidələri” (VİDEO, KULTURAPLUS)


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun üzvləri üçün Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri Qoşqar Qoşqarlının “Qafqaz Albaniyasının qəbir abidələri” mövzusunda mühazirəsi olub. Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Klubun üzvü olan gənc tarixçiləri Azərbaycan tarixinin qaranlıq məqamlarını diqqətlə öyrənməyə, tariximizin saxtalaşdırılmasının qarşısını almaq üçün daim elm cəbhəsində mübarizəyə səsləyib.
 
Bilik Fondunda təşkil olunmuş mühazirədə Q.Qoşqarlı bildirib ki, antik və ilk orta əsr dövrlərində Qafqaz Albaniyasının əhalisinin vahid xalq kimi formalaşması bu gün də elmdə mübahisəli olaraq qalır. Bir sıra rus, Avropa və xüsusən erməni alimləri mənbələrə, əsasən də Strabonun məlumatına əsaslanaraq hesab edirlər ki, Qafqaz Albaniyasının əhalisi (söhbət Strabonda deyilən 26 müxtəlif tayfalardan gedir) tayfalar birliyi kimi təşəkkül tapıblar və bir sıra səbəblərə görə vahid bir etnosa, yəni albanlara çevrilməyiblər. Bu fikirləri səsləndirən alimlər çox vaxt bunu sübut edən dəlil kimi Qafqaz Albaniyasının ərazisində müxtəlif tipli qəbir abidələrinin olmasını qeyd edirlər. Məsələn, bir sıra erməni alimləri qədim Ermənistanın ərazisində əsasən 2-3 qəbir növlərinin olmasını qeyd edirlər. Onun sözlərinə gözə, Albaniyanın ərazisində isə bu qəbirlərin növləri 10-dan artıqdır. Bu da guya hər bir qəbir növünün bir-iki tayfaya aid edilməsi ilə izah edilir. Bu baxımdan Qafqaz Albaniyasının ərazisində antik dövrə aid qəbirlərin tədqiqi bu məsələyə aydınlıq gətirməyə kömək edir.
Sonra alim tələbələrin çoxsaylı suallarını cavablandırıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru
Tarix: 12.04.2017

Son xəbərlər