Qarabağ Regional Bilik evinin açılışı oldu (FOTO, VİDEO, REGİON)


Aprelin 18-də Tərtər rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Qarabağ Regional Bilik evinin açılışı olub. Açılış mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, icra hakimiyyətinin, Fondun əməkdaşları və yerli ictimaiyyət nümayəndələri, bölgə ziyalıları iştirak ediblər. Açılış mərasimindən sonra Qarabağ Bilik evi ilə tanışlıq olub.

Sonra Tərtər Yeni Azərbaycan Partiyasının inzibati binasında ictimaiyyət nümayəndələrinin iştirakı ilə "dəyirmi masa" keçirilib. Tədbirdə Qarabağ Regional Bilik evinin gələcək fəaliyyətinin istiqamətləri müzakirəyə çıxarılıb, yerli sakinlərin təklifləri dinlənilib.

İcra başçısı M.Məmmədov Regional Bilik evinin məhz Tərtər rayonunda və aprel döyüşlərinin ildönümündə açılması təşəbbüsünü irəli sürən Bilik Fondu rəhbərliyinə minnətdarlığını bildirib. O deyib ki, Bilik evinin fəaliyyəti üçün hər bir şəraitin yaradılıb, bu imkanlardan yararlanaraq, Qarabağ bölgəsində geniş maarifləndirmə işləri həyata keçiriləcək. Tərtər rayonunun cəbhə  bölgəsində yerləşdiyini xatırladan M.Məmmədov düşmən üzərində tam qələbə qazanmaq yolunun təkcə silahlı mübarizədən deyil, həm də elmdən keçdiyini diqqətə çatdırıb. İcra başçısı qeyd edib ki, Tərtər ziyalıları və məktəbliləri Bilik Fondunun bir sıra layihələrində həvəslə iştirak ediblər. M.Məmmədov bundan sonra da Fondun mütəmadi olaraq bu bölgədə intellektual layihələrə imza atacağına əminliyini ifadə edib və rayon rəhbərliyi, o cümlədən ictimaiyyətin bu istiqamətdə Fonda dəstək verməyə hazır olduğunu vurğulayıb.

Bilik Fondunun icraçı direktoru O.Səmədov Qarabağ Regional Bilik evinin belə gözəl binada fəaliyyətə başlayacağından məmnunluğunu dilə gətirərək, icra başçısına bu diqqət və qayğıya görə təşəkkürünü bildirib. Fondun təşkilatçılığı ilə müxtəlif bölgələrdə Bilik evlərinin fəaliyyət göstərdiyini xatırladan icraçı direktor əhalinin maarifləndirilməsində bu evlərin böyük rol oynadığını deyib. O.Səmədov bildirib ki, Qarabağ Regional Bilik evi fəaliyyətini məhz əhalinin təklifləri üzərində quracaq və layihələrində bölgənin spesifikası xüsusi ilə nəzərə alınacaq.

Dəyirmi masada çıxış edən Tərtər Ağsaqqallar Şurasının sədri Qədir Allahverdiyev Bilik Fondunun maarifçilik istiqamətində fəaliyyətini yüksək dəyərləndirərək Bilik evlərinin həm də əhalidə mütaliə mədəniyyətinin inkişafına istiqamət verəcəyini diqqətə çatdırıb.

Proqrama uyğun olaraq, Tərtər Heydər Əliyev Mərkəzində Bilik Fondu ilə Mərkəz arasında əməkdaşlıq barədə Niyyət Protokolu imzalanıb. Fondun icraçı direktoru Oktay Səmədov və mərkəzin direktoru Səlimə Usubovanın imzaladıqları Niyyət Protokolunda bölgə əhalisinin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni sahələrdə maarifləndirilməsi, dövlətin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin yerli ictimaiyyətə çatdırılması, Ümummilli lider Heydər Əliyev irsinin tədqiqi və təbliği, banisi olduğu azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi və dini dəyərlərin təbliği, gənclər arasında elmi biliklərə marağın artırılması, onların vətənpərvərlik və tolerantlıq ruhunda tərbiyə olunması istiqamətində birgə fəaliyyətin təşkili və həyata keçirilməsi nəzərdə tutulur.

Sonra Bilik Fondunun təmsilçiləri Tərtər Cümə məscidində olublar, yerli möminlərlə görüşdə məscidə kitablar hədiyyə olunub. Axund Sadiq Cəfərov Fondun həyata keçirdiyi “Məscid kitabxanası” layihəsini yüksək qiymətləndirərək insanların bütün sahələrdə maariflənməsinin ümumi inkişafa böyük töhfə verdiyini vurğulayıb.

Bilik Fondunun nümayəndələri həmin gün Tərtər rayon N saylı hərbi hissəsində olublar. Əsgərlərlə birgə şam yeməyindən sonra “Qardaşlaşmış məktəblər” layihəsi iştirakçılarının ünvanladıqları məktubları əsgərlərə çatdırıb, onlar da öz növbəsində məktublara cavab yazıblar. Bununla yanaşı, Bilik Fondunun "İl boyu bilik" proqramı çərçivəsində əsgərlərə kitablar da hədiyyə olunub.

 

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 18.04.2017

Son xəbərlər