İslam Həmrəyliyi Oyun"ları Sumqayıt Dövlət Universitetində təbliğ olundu (VİDEO, AZTV)


 
Aprelin 28-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi və Sumqayıt Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli”nə həsr edilmiş “Gücümüz həmrəyliyimizdədir” mövzusunda elmi konfrans keçirilib.
 
Konfransı giriş sözü ilə açan Sumqayıt Dövlət Universitetinin hümanitar məsələlər üzrə prorektoru Ramiz Hüseynov qonaqları təqdim etdikdən sonra "Baki-2017" IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncamdan danışıb və bildirib ki, dünya müsəlmanlarını düşünərək verilən bu qərar bütün ölkələr tərəfindən alqışlanır.
 
Azərbaycan Respublikasının Prezienti yanında Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev “İslam Həmrəyliyi dini ekstremizmə qarşı” mövzusunda etdiyi çıxışında öncə İslam Həmrəyliyi Oyunlarının təbliğat işində həmrəylik nümayiş etdirdiklərinə görə universitet rəhbərliyinə, müəllim, tələbə kollektivinə minnətdarlığını bildirib.
 
İ.Vəliyev qeyd edib ki, İslam Həmrəyliyi 3 aspektdən izah olunmalıdır. Onun sözlərinə görə, Prezident çıxışlarında məhz bu məqamlara diqqət çəkib ki, onlardan birincisi, İslamdakı təriqətlər arasında həmrəyliyi, ikincisi, İslam ölkələri arasında həmrəyliyi, üçüncüsü digər dünyəvi dinlərə itaət edənlərlə islam dininə itaət edənlər arasında həmrəyliyi etiva edir. Hər üç əsas arqumentin elmi əsaslarla araşdırılmasına ehtiyac olduğunu diqqətə çatdıran natiq İslam həmrəyliyinin məhz konstitusion əsaslarının olduğunu vurğulayıb. İ.Vəliyev fikirlərini Konstitusiyanın 48-ci maddəsində əksini tapan tələblərlə davam etdirərək, onu da söyləyib ki, Azərbaycanda dini etiqad azadlığı ciddi şəkildə qorunur, amma bu azadlıqlardan sui-istifadə olunmasına da məhz həm 48-ci maddənin növbəti hissələri, həm də əsas qanunumuzun 18-ci maddəsi imkan vermir. Bu maddədə insan ləyaqətini alçaldan və insanpərvərlik prinsiplərinə zidd olan dini cərayanları təbliğinə yol verilmir. Məhz bu baxımdan Azərbaycanda dini dəyərlərlə münasibətdə orta xətti tapmaq vacibdir. İ.Vəliyevin fikrincə, həmin orta xətt məhz tolerantlıq, multikulturalizm ənənəsinə sadiq qalmaqdır ki, Azərbaycan xalqı bu bacarıqlara sahib olmaqda fenomen xalqdır. Çünki Azərbaycan Prezidenti İlham Əliyev demişkən, multikulturalizm Azərbaycan xalqının həyat tərzidir.
 
İ.Vəliyevin fikrincə, Azərbaycana məxsus bu dəyərlər və islam həmrəyliyi mərkəzi olmağımız bütün dünyaya göstərilməlidir. Belə arzunun reallaşmasında "İslam Həmrəyliyi İli"nin məntiqi göstəricisi olan İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsinin misilsiz üstünlükləri var.
 
Bilik Fondunun aparat rəhbəri bütün əhalini, xüsusən gəncləri bu oyunlarda iştiraka və tolerantlığımızı əməli olaraq sübut etməyə çağırıb.
 
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin katibi Könül Nurullayeva İslam Oyunlarının tarixindən söz açıb. O, bu tədbirin tək Azərbaycanın, azərbaycanlıların deyil, İslam dünyası ölkələrinin, həmçinin başqa dinlərin daşıyıcılarının həmrəyliyinə, İslam dini haqqında yaranmış yanlış fikirlərin aradan qalxacağına böyük təkan olacağını vurğulayıb.
 
K.Nurullayeva İslam Həmrəyliyi Oyunlarına cəlb olunan idman növləri, idmançıların təmsil etdikləri ölkələr, keçiriləcəyi məkanlar, Əməliyyat Komitəsinin iş prinsipi haqqında məlumat verərək bildirib ki, yarışlarda 57 islam ölkəsinin idmançıları iştirak edəcək ki, bu da bütün islam ölkələrinin əhatə olunduğunu göstərir.
 
Əməliyyat Komitəsinin direktoru 23 növ idman üzrə keçiriləcək oyunlara 3 mindən artıq idmançının qatılacağını, yarışların 16 obyektdə olacağını deyib. Onun sözlərinə görə, oyunlarda 1400 yerli və 200 xarici işçi çalışacaq.
 
Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Oyunların rəmzi açılışı olduğunu xatırladan K.Nurullayeva prezidentin Xəzər dənizindən götürdüyü suyun 16 rayona çatdırılacağını söyləyib.
 
Oyunlarda könüllülərin iştirakının mərhələsinin vacib olduğunu diqqətə çatdıran K.Nurullayeva könüllülük hərəkatının formalaşmasında Birinci Avropa Oyunlarının məktəb olduğunu deyib. K.Nurullayeva tədbir iştirakçılarını "Həmrəyliyimiz gücümüzdür" devizi ətrafında birliyə çağırıb.
 
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov 2017-ci ilin “İslam Həmrəyliyi İli" ili elan olunmasının nəinki zamanın, gələcək əsrlərin çağırışı olduğunu bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin həmin bu illə, həm də İslam Həmrəyliyi Oyunları ilə bağlı verdiyi qərarlar artıq dünya tarixinə qızıl həriflərlə yazılıb.
 
N.Məmmədov oyunların möhtəşəmliyinə nail olmağın hər kəsin bu hadisəyə qoşulmasından keçdiyini, 50 milyonluq azərbaycanlının bu oyunlarda bu və ya digər şəkildə iştirakına böyük ehtiyac olduğunu vurğulayaraq qeyd edib ki, həmişə olduğu kimi, bu dəfə də tolerant düşüncəli Azərbaycan xalqı xüsusən gənclərin dəstəyi ilə yarışlara ən yüksək səviyədə ev sahibliyi edəcək.
 
Sumqayıt Dövlət Universiteti Tarix və coğrafiya fakültəsinin dekan müavini Osman Hacıyev də tədbirdə ev sahibi kimi çıxış edib.
 
O.Nacıyev bildirib ki, insanlar yarandıqları gündən hansısa fövqəlqüvvənin olduğuna inanıb. Biz bu qüvvəni Allah adlandırırıq. Onun sözlərinə görə, Azərbaycandakı müxtəlif din təmsilçilərini bir-birinə bağlayan Allaha olan sevgidir. Bu sevgi özünü dövlətə, cəmiyyətə, xalqa qarşı hisslərdə də açıq-aşkar göstərir. Dekan müavini bəyan edib ki, Azərbaycan xalqı bu sevgini bütün dünyaya səpələməyə hazırdır, bunu göstərmək üçün İslam Həmrəyliyi Oyunları geniş imkanlar açır.
 
Sonda Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarına həsr edilmiş video-rolik nümayiş olunub.
 
 
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru
Tarix: 28.04.2017

Son xəbərlər