Bilik Fondu Şamaxıda konfrans keçirdi – “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz: İslam Həmrəyliyi İli kontekstində” (VİDEO, ARB)


Şamaxıda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz: İslam Həmrəyliyi İli kontekstində” mövzusunda elmi-praktik konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Şamaxı Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Rayon Heydər Əliyev Mərkəzində keçirilmiş konfransda yerli ziyalıların nümayəndələri, məktəblilər, Bilik Fondunun “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun üzvləri iştirak ediblər.
 
Əvvəlcə konfrans iştirakçıları Şamaxı Heydər Əliyev parkında Ümummilli liderin abidəsi önünə çiçək dəstələri düzüblər.
Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova iştirakçıları salamlayaraq ümummilli lider Heydər Əliyevin anadan olmalısının 94-cü ildönümünə həsr olunmuş konfransın əhəmiyyətindən bəhs edib. Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra Ulu öndərin həyat yoluna həsr olunmuş film nümayiş edilib.
 
Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova Ümummilli liderin banisi olduğu azərbaycançılıq ideyologiyasından söhbət açaraq milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasını bu ideologiyanın prioritetlərindən biri kimi dəyərləndirib. Multikulturalizm ilinin məntiqi davamı olan İslam Həmrəyliyi İli çərçivəsində Fondun həyata keçirdiyi silsilə maarifləndirici tədbirlərdən söz açan X.Hüseynova Şamaxı gəncləri və ziyalılarının belə layihələrdə həvəslə iştirak etdiyini xatırladıb.
 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Aqşin Axundov İslam Həmrəyliyi İlinin mahiyyəti, İslam dünyasında, eləcə də dinlərarası, mədəniyyətlərarası dialoqun qurulmasında Azərbaycanın tutduğu önəmli yer, vətənimizdə hökm sürən multikultural mühit haqqında ətraflı məlumat verib.
 
“Tariximizi öyrənək və öyrədək” Klubunun üzvü Feyruz Xəlilov Ümummilli liderin gənclərə, onların savadlanmasına göstərdiyi qayğını xatırladıb, ölkədə yeridilən uğurlu gənclər siysətinin ayrı-ayrı məqamlarından bəhs edib. Gəncləri milli-mənəvi dəyərlərimizi qorumaqda, gələcək nəsillərə ötürməkdə və beynəlxalq aləmdə azərbaycançılığın tanıdılmasında əllərindən gələni əsirgəməməyə çağırıb.
Sonra Rayon Olimpiya Mərkəzində şamaxılı məktəblilərin hazırladığı bədii kompozisiyalar, mahnı və rəqslər nümayiş olunub. Konfrans çərçivəsində keçirilmiş müsabiqənin qaliblərinə Bilik Fondunun sertifikatları və hədiyyələri təqdim olunub.
 
Bilik Fondunun Şamaxı üzrə nümayəndəsi Gülnurə Babaşova və Fondin əməkdaşı Elvin Hətəmovun müşaiyəti ilə “Tariximizi öyrənək və öyrədək” Klubunun üzvləri olan tələbələr Şamaxı Cümə Məscidi, Diyarşünaslıq muzeyi, Mirzə Ələkbər Sabirin ev muzeyini ziyarət ediblər və rayonun digər tarixi görməli yerləri ilə tanış olublar.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun İnformasiya təminatı sektoru
Tarix: 04.05.2017

Son xəbərlər