Bilik Fondu rayonlarda mühazirələrini davam etdirir (VİDEO,AZƏRTAC)


 

İyunun 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “İdeoloji, sosial və elmi maarifləndirmə” proqramı üzrə Şirvan, Şamaxı, Xaçmaz, Yardımlı və Ağdam rayonlarının ictimaiyyəti üçün “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu”, “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzularında mühazirələr təşkil olunub.

Şirvan Rayon Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyəti və Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən mühazirədə yerli ictimaiyyətin nümayəndələri – ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində AMEA Fəlsəfə İnstitutunun baş elmi işçisi, Akademiyanın müxbir üzvü Könül Bünyadzadə, Yeni Azərbaycan Partiyasının yerli təşkilatının qərargahında Milli Məclisin üzvü Rəfail Cəbrayılov çıxış ediblər. Mühazirəçilər müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ulu öndər Heydər Əliyevin çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində tutduğu müstəsna mövqeyindən danışıblar. Bildirilib ki, Ümummilli liderin səyi nəticəsində respublikamızın beynəlxalq əlaqələrinin gələcək inkişafına hesablanmış neçə-neçə layihələrin, xüsusilə uğurlu neft strategiyasının təməli qoyulub.

Şamaxı Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyəti və Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Məclisin üzvü, professor Elman Nəsirov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru, professor Əlikram Abdullayev məruzə ediblər. Məruzələrdə son illər aparılan sosial-iqtisadi siyasət nəticəsində ölkədə müşahidə olunan yüksək inkişaf tempindən bəhs edilib, vurğulanıb ki, gerçəkləşdirilən islahatlar və genişmiqyaslı infrastruktur layihələri sosial-iqtisadi həyatın yenidən qurulması və davamlı inkişafı üçün şərait yaradıb.

Xaçmaz Heydər Əliyev Mərkəzində yerli ictimaiyyətin nümayəndələri AMEA Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylunun “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu”, Tarix-Diyarşünaslıq muzeyində isə AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, Akademiyanın müxbir üzvü Misir Mərdanovun “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzularında məruzələrini dinləyiblər. Mühazirəçilər bildiriblər ki, bugünkü qüdrətli Azərbaycan Respublikasının milli və dövlətçilik baxımından maraqlarına yüksək səviyyədə cavab verən siyasi strategiyanın əsas istiqamətlərini Ulu öndər Heydər Əliyev müəyyənləşdirib. Bu gün də düşünülmüş xarici və daxili siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaradır.

Yardımlı Heydər Əliyev Mərkəzində və 1 nömrəli tam orta məktəbdə Rayon İcra Hakimiyyəti və Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən tədbirlərdə Milli Məclisin üzvü, AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Yadigar Məmmədli ideoloji maarifləndirmə istiqamətində yerli əhali qarşısında geniş məruzə ilə çıxış ediblər.

Quzanlıda yerləşən Ağdam Heydər Əliyev Mərkəzində və Mədəniyyət Mərkəzində yerli İcra Hakimiyyəti orqanı ilə birgə hazırlanmış tədbirlərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekanı, professor Anar İsgəndərli və Dövlət Dillər Universitetinin müəllimi Anar Nağıyev yerli əhaliyə dövlət siyasətinin başlıca istiqamətləri haqqında ətraflı məlumat verib, ölkə başçısının həyata keçirdiyi daxili və xarici siyasətin əsas məqamları, son illərdə ölkə həyata keçirilən islahatlar nəticəsində əldə olunan sosial-iqtisadi tərəqqi, müşahidə olunan abadlıq və quruculuq işlərindən danışıblar.  

Bilik Fondunun “İdeoloji, sosial və elmi maarifləndirmə” proqramı üzrə müxtəlif bölgələrdə keçirilən mühazirələrdə əhali fəal iştirak edərək onları maraqlandıran məsələlərlə bağlı fikirlərini bildirib, mühazirəçilərə suallarını ünvanlayıblar. Fondun rayonlarda həyata keçirdiyi maarifləndirici layihələri razılıqla qarşılayan yerli ziyalılar bunu həm də dövlətin gənc nəslin hərtərəfli inkişafına töhfəsi kimi dəyərləndiriblər.   

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun İnformasiya təminatı sektoru

Tarix: 09.06.2017

Son xəbərlər