Misirli professor Bilik Fondunda oldu (Video, İTV)


 
V Bakı Beynəlxalq Kitab Sərgisində iştirak etmək üçün Azərbaycana səfər etmiş Misir Milli Kitabxanası və Arxivlərinin müdiri, Ayn Şəms Universitetinin professoru, İslam arxeologiyası üzrə tanınmış alim Əhməd Seyyid Muhəmməd Şövki Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin dəstəyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Bakıda bir sıra görüşlər keçirib.
 
Sentyabrın 26-da Azərbaycan Memarlıq və İnşaat Universitetində “Memarlıq” ixtisası üzrə təhsil alan tələbələr qarşısında “İslam memarlığı” mövzusunda mühazirə ilə çıxış etmiş misirli professor növbəti gün Bilik Fondunun qonağı olub.
 
Əhməd Şövki Fondun icraçı direktoru Oktay Səmədov və əməkdaşları ilə görüşüb. Misirli alimə qurumun fəaliyyəti barədə ətraflı məlumat verilib və "Azərbaycan elmi dünyada", “Dünya elmi Azərbaycanda" layihələri çərçivəsində qarşılıqlı əməkdaşlığın vacibliyindən danışılıb.
 
Misir Milli Kitabxanası və Arxivlərinin müdiri Əhməd Şövki ölkəsinin dünyada məşhur olan kitabxanası haqqında məlumat verib. Bildirilib ki, 1890-ci ildə fəaliyyətə başlayan Misir Milli Kitabxanası iki hissədən ibarətdir. Kitabxananın tarix bölməsində 100 milyondan çox sənəd, kitablar bölməsində 5 milyon kitab var. Bununla yanaşı, kitabxanada 60 min əlyazma, 5 min papirus, 13 minə qədər müxtəlif ölkələrə məxsus pul əskinasları, sikkələr qorunub saxlanılır. 28 filialı olan kitabxanada ümumilikdə 1800 işçi çalışır. Əhməd Şövqi professoru olduğu universitetdə 150-dək azərbaycanlı tələbənin təhsil aldığını, onlardan birinin Azərbaycan sikkələri haqqında tədqiqat işinə elmi rəhbərlik etdiyini deyib.
Misirli alim Bilik Fondunu təmsil etdiyi Milli Kitabxana ilə əməkdaşlığa dəvət edib. Qonaq Azərbaycan Prezidentinin 2017-ci ili ölkəmizdə "İslam Həmrəyliyi İli" elan etdiyini önə çəkərək, qarşılıqlı əməkdaşlıq əlaqələrinin məhz bu il qurulmasının məqsədəuyğun olduğunu söyləyib.
 
Fondun icraçı direktoru qonağın Misir Milli Kitabxanasında Azərbaycan guşəsinin yaradılması təklifini müsbət dəyərləndirərək Misir haqqında Azərbaycanda, Azərbaycan haqqında Misirdə dərc olunan yazılardan ibarət toplunun tərtib edilməsinin, eyni zamanda hər iki ölkənin əməkdaşlığını əks etdirən dərginin hazırlanmasının faydalı ola biləcəyini diqqətə çatdırıb.
 
Görüşdə hər iki xalqın ortaq dəyərlərinin elm, təhsil və mədəniyyət üzərində formalaşdığı qeyd olunub və bu münasibətlərin qorunub saxlanması, inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.
 
Misirli professor görüşdən sonra Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tələbələrlə görüşərək, Misir mədəniyyətinin tərkib hissəsi olan eksponatların tarixi köklərindən, qədim əşyalar üzərindəki məna çalarlarından danışıb.
 
Həmin gün üçüncü görüş Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində keçirilib.Tədbirdə Bilik Fondunun icraçı drektoru Oktay Səmədovun rəhbərliyi ilə Fondun əməkdaşları iştirak edib. Marağlı diskussiya səviyyəsində keçən tədbirdə Azərbaycanda elan olunan "İslam Həmrəyliyi İli"ndə görülən işlərdən geniş söhbət aparılıb,tolerantlığın Azərbaycan xalqının həyat tərzinin olduğunu faktlarla diqqətə çatdırılıb.
 
Bilik Fondu əhalinin maarifləndirilməsi, gənclərin Azərbaycan və dünya mədəniyyətinin müxtəlif sahələri üzrə elmi biliklərinin artırılması, onların "İslam Həmrəyliyi İli"ndə “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində tanınmış elm və mədəniyyət xadimləri ilə görüşlərinin təşkili istiqamətində silsilə tədbirlərini davam etdirir.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat Xidməti

 

 
Tarix: 27.09.2017

Son xəbərlər