Bilik Fondu Lider Televiziyasında təlimləri davam etdirir (VİDEO)


 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Milli Televiziya və Radio Şurasının dəstəyi ilə keçirilən “Ekran və efirdə ədəbi dil normaları” layihəsi çərçivəsində Lider Televiziyasında növbəti təlim olub. Təlimdə Lider televiziyasında çalışan gənc aparıcı və reportyorlar iştirak ediblər.

AMEA, Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyevanın “Ekran və efirdə üslub xətalarının aradan qaldırılması” mövzusunda çıxışını iştirakçılar maraqla qarşılayıblar. Təlimçi ekran və efirdə üslub xətaları haqqında iştirakçılara ətraflı məlumat verib, konkret nümunələrlə gənc reportyor və aparıcıların nitqindəki üslubi qüsurları təhlil edərək, onların aradan qaldırılması yollarını göstərib.

İnteraktiv formada keçən təlimdə dosent S.Əliyeva iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı dinləyicilərin layihə ilə bağlı suallarını cavablandırıb. “Ekran və efirdə ədəbi dil normaları” layihəsi çərçivəsində telekanallarda keçirilən təlimlərdə AMEA-nın Dilçilik İnstitutunun mütəxəssisləri, Bakı Dövlət Universitetinin, Mədəniyyət və İncəsənət Universitetinin təcrübəli professor və müəllimləri, eləcə də praktik jurnalistlər iştirak edirlər.

İlkin olaraq Xəzər Televiziyasından başlayan layihə Gəncənin Kəpəz Televiziyasında və Lider Televiziyasında uğurla davam etdirilir. Təlimə qatılan gənc jurnalistlərə dilçilik, nitq mədəniyyəti, televiziya və radio aparıcılarının iş xüsusiyyətləri ilə bağlı nəzəri bilgilər verilir, praktik məşğələlər tətbiq olunur.

 

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun Mətbuat xidməti 

Tarix: 23.10.2017

Son xəbərlər