Misirli alimlərin tələbələrlə görüşləri davam edir (VİDEO,İTV)


 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin birgə təşkilatçılığı ilə 18-22 dekabr tarixlərində Misirin Süveyş Kanalı Universitetinin ərəb dili və ədəbiyyatı üzrə professoru Əbdül Rəhim Əl-Kurdi və Misirin məşhur xəttatı Mustafa Məhəmməd Amri ölkəmizdə səfərdədirlər.

Dekabrın 19-da Bilik Fondunun “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində Misirli professor Əbdül Rəhim Əl-Kurdi Bakı Dövlət Universitetində və Bakı Avrasiya Universitetində tələbələr qarşısında mühazirə söyləyib.

Bakı Avrasiya Universitetinin Mühəndis departamentinin rəisi Məsim Məmmədov tədbiri giriş sözü ilə açaraq, misirli alimləri iştirakçılara təqdim edib.

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi çıxışında  ərəb dilinin 1973-cü ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assembleyasında qurumun rəsmi dili elan edildiyini deyərək, 2010-cu ildən etibarən 18 dekabr tarixinin Beynəlxalq Ərəb Dili günü kimi qeyd olunduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, misirli dilçi alimlərin Azərbaycana səfəri iki xalq arasında mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə töhfə vermək məqsədi daşıyır.

Süveyş Kanalı Universitetinin professoru mühazirəsində ərəb dilinin tarixi və indiki inkişaf mərhələsi barədə fikirlər səsləndirib. O, bildirib ki,  ərəb dili beynəlxalq sənədlərin qeydə alındığı rəsmi bir dil kimi Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edildikdən sonra  onun öyrənilməsinə tələbat artdı.

Misirli alimlərin Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində keçirdiyi görüşü fakültənin dekanı, akademik Vasim Məmmədəliyev açaraq, ərəb dilinin dünya dilləri arasında tutduğu yüksək mövqedən danışıb. Akademik, ərəb və Azərbaycan dili mütəxəssislərinin qarşlılıqlı elmi əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb və bildirib ki, xüsusən tərcümə sahəsində geniş iş birliyinə ehtiyac var.

Görüşdə çıxış edən Süveyş Kanalı Universitetinin professoru qeyd edib ki, hazırda Oksford, Kembric, Sorbonne, Berlin, Sankt-Peterburq, Çin, Amerika, Kanada, Avstraliya və Latın Amerikasının nüfuzlu universitetlərində Ərəb dili şöbələri fəaliyyət göstərir. Ərəb dilinə artan marağa görə, dilin sadələşdirilməsi, müasir dövrün tələblərinə uyğunlaşdırılması baxımından mütəxəssislərin üzərinə böyük məsuliyyət düşür. 

Hər iki universitetdə keçirilən görüşdə xəttat Mustafa Məhəmməd Amrinin sərgisi nümayiş olunub.  

Həmin gün Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Misir xəttatı Mustafa Məhəmməd Amrinin təlimi başlayıb. Misirli xəttatın "Ərəb dili üzrə xəttatlıq sənəti" mövzusunda ödənişsiz əsaslarla keçdiyi təlimə müxtəlif universitetlərdə təhsil alan tələbələr cəlb olunublar.  

Misirli alimlərin “İslam Həmrəyliyi İli” çərçivəsində həftə ərzində Beynəlxalq Ərəb dili Günü münasibəti ilə universitetlərdə, elm-təhsil ocaqlarında gənclərlə görüşləri davam edir.    

İlk görüş dekabrın 18-də Bakı Dövlət Universitetində keçirilib. Görüşdə Universitetin Şərqşünaslıq fakültəsinin dekanı Elxan Əzizov və tələbələri iştirak edib.

Proqrama uyğun olaraq, Əbdül Rəhim Əl-Kurdi Bakı Avrasiya Universiteti, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbə və müəllim kollektivi qarşısında mühazirələrlə çıxış edəcək.

Bununla yanaşı, hər iki alimin Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu, Əlyazmalar İnstitutunun alimləri və Mərkəzi Elmi Kitabxananın rəhbərliyi, əməkdaşları ilə görüşləri təşkil olunacaq.

Səfər çərçivəsində misirli xəttat Mustafa Məhəmməd Amrinin  Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində  "Ərəb dili üzrə xəttatlıq sənəti" mövzusunda təşkil etdiyi təlimlər sonunda ərəb dili üzrə xəttatlıq sənətini mənimsəyən iştirakçılara sertifikatlar veriləcək.

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun Mətbuat Xidməti

Tarix: 19.12.2017

Son xəbərlər