Bakı Dövlət Universiteti ilə Bilik Fondu arasında əməkdaşlıq memorandumu imzalanıb (AZTV, VİDEO)


 
Yanvarın 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Bakı Dövlət Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.
 
Sənədi Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və BDU-nun rektoru Abel Məhərrəmov imzalayıblar.
 
Memorandumda birgə konfransların, simpoziumların, elmi-texniki layihələrin həyata keçirilməsi, elmi-tədqiqat işlərinin, kitabların nəşri, yaradıcı gənclər arasında müsabiqələrin və BDU-nun professor-müəllim heyətinin ölkənin müxtəlif regionlarında mühazirələrinin təşkil edilməsi nəzərdə tutulur.
 
Rektor Abel Məhərrəmov universitetdə yerinə yetirilən elmi tədqiqat işləri, müxtəlif elm sahələri üzrə yüksək ixtisaslı kadr hazırlığı barədə ətraflı məlumat verib. Akademik Bilik Fondunun ölkədə aparılan sosial-iqtisadi və elmi-texniki quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılmasını təmin edən bir qurum olduğunu vurğulayıb və universitetin bu təşkilatla əməkdaşlığından məmnunluğunu ifadə edib.
 
Sonra Bilik Fondunun icraçı direktoru Oktay Səmədov rəhbərlik etdiyi təşkilatın missiyasından, bu günə kimi görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncam əsas götürülərək, Azərbaycanın bütün rayonlarında flaqman ali təhsil ocağının yetirmələri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub. İcraçı direktor onu da vurğulayıb ki, 2018-ci ilin fevral ayından başlayaraq 2019-cu ilin iyun ayınadək Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş 100 tədbirin keçirilməsi, tədbirlərdə BDU-nun alim və mütəxəssislərinin iştirakı, sonda 100 görüşü əks etdirən kitabın nəşri ölkə başçısının Sərəncamı ilə elan edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti İli”nə böyük töhfə olacaqdır.
 
Sonda Bilik Fondunun icraçı direktoru Oktay Səmədova “Universitetin Dostu” mükafatı təqdim edilib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 30.01.2018

Son xəbərlər