Bilik Fondu Cocuq Mərcanlı sakinlərinin qonağı oldu


 
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşları və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollecində Fondun dəstəyi ilə fəaliyyət göstərən “Mizan” Tələbə Dram Dərnəyinin üzvləri Cocuq Mərcanlı sakinlərinin qonağı olublar.
 
Nümayəndə heyəti əvvəlcə Horadiz şəhərində aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, gənclərə aprel döyüşlərinin gedişatı, Azərbaycan Ordusunun möhtəşəm qələbəsi, Lələtəpə yüksəkliyinin strateji əhəmiyyəti haqqında ətraflı məlumat verilib.
 
Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Cocuq Mərcanlı klub-icma Mərkəzində görkəmli alim, yazıçı və pedaqoq, XX əsr Azərbaycan elmi, ədəbiyyatı və təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş Mir Cəlal Paşayevin 110 illik yubileyi münasibəti ilə tədbir keçirilib.
 
Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəridə İbayeva maarifləndirici layihələrin əhəmiyyətini bildirərək, Bilik Fondunun Cocuq Mərcanlıya artıq bir neçə dəfə səfər etdiyini vurğulayıb. Tədbirin mahiyyətindən bəhs edən F.İbayeva XX əsrin ədəbi-elmi fikrinin korifeylərindən sayılan Mir Cəlal Paşayevin çağdaş Azərbaycan tarixində ədəbiyyatşünas-nəzəriyyəçi alim kimi də müstəsna və özünəməxsus yer tutduğunu deyib.
 
“Mizan” Tələbə Dram Dərnəyinin işini alqışlayan Kollecin direktor müavini Nigar Şirəliyeva bildirib ki, bu gün Mir Cəlal Paşayevin təkcə elmi və ədəbi irsi tədqiq edilmir, həm də onun şəxsi keyfiyyətləri, pedaqoji fəaliyyəti əsl örnək kimi öyrənilir. Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı Fondun maarifləndirici layihələrindən söz açıb, tələbələrin Mir Cəlal yaradıcılığına müraciət etməsini yüksək dəyərləndirib.
 
Tədbirdə dərnəyin bədii rəhbəri, Xalq artisti Məmməd Səfanın Mir Cəlal Paşayevin hekayələri əsasında hazırladığı “Xatirələr” tamaşası nümayiş olunub.
Yerli sakinlərin böyük maraqla qarşıladıqları tamaşada Kollecin dram dərnəyinin üzvü olan 17 tələbə rol alıb.
 
Nümayəndə heyəti şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində şagirdlərlə görüşüb. Direktor Zamin Həziyev Bilik Fondu tərəfindən məktəbin kitabxanasına bədii kitabların hədiyyə olunduğunu minnətdarlıqla xatırladaraq belə tədbirləri dövlətin yerli əhaliyə qayğısı kimi dəyərləndirib. Dərnək üzvləri məktəbdəki Heydər Əliyev guşəsi, Aprel şəhidlərinə həsr olunmuş stendlərlə tanış olublar. Təhsil ocağının kitabxanasına Azərbaycan Xalq Cümhuriyyəti tarixinə dair nəşrlər və Mir Cəlal Paşayevin müəllifi olduğu kitablar hədiyyə edilib.
 
Nümayəndə heyəti səfər çərçivəsində Şuşa məscidinin bənzəri olan kənd məscidi ilə tanış olub. Tələbələrə bildirilib ki, Cocuq Mərcanlıda Şuşa məscidinin bənzərinin inşası gələcəkdə işğal altında olan məscidlərin də bərpa ediləcəyinə əminliyin ifadəsidir.

 

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
 
Tarix: 05.06.2018

Son xəbərlər