Bilik Fondunda “Ekran və efirdə ədəbi dil normaları” toplusunun təqdimatı keçirildi


 
İyulun 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda “Ekran və efirdə ədəbi dil normaları” adlı məqalələr toplusunun təqdimat mərasimi keçirilib. Tədbirdə tanınmış dilçi alimlər, media nümayəndələri və gənclər iştirak ediblər.
 
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov bildirib ki, Milli dövlətçiliyimizin başlıca rəmzlərindən olan ana dilimizin dövlət dili kimi inkişafı, tədrisi, müxtəlif sahələrdə tətbiqi prosesində hər bir vətəndaşın, xüsusilə ziyalıların rolu böyükdür. Ədəbi dil normalarına riayət edilməsi sahəsində teleradio yayımçılarının proqramlarının monitorinqlərinin nəticələri onu deməyə əsas verir ki, telekanallarda ədəbi dil normaları dilin bütün səviyyələri üzrə - istər fonetik, istər leksik, istər qrammatik, istərsə də üslubi səviyyədə pozulur. Bilik Fondu ana dilimizin qorunması istiqamətində bir sıra maarifləndirici tədbirlər həyata keçirir.
 
İcraçı direktor 2017-ci ilin oktyabrında Bilik Fondunun Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasının dəstəyi ilə “Ekran və efirdə ədəbi dil normaları” adlanan layihəyə başladığını xatırladaraq, bir sıra teleradio kanallarında keçirilən təlimlərdə iştirakçılara dilçilik, nitq mədəniyyəti ilə bağlı nəzəri bilgilərin verilməsilə yanaşı, praktik məşğələlərin də tətbiq olunduğunu xatırladıb. Təlimçi qismində AMEA-nın Dilçilik İnstitutunun mütəxəssisləri, Bakı Dövlət Universitetinin Jurnalistika və Filologiya fakültələrinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təcrübəli professor və müəllimləri iştirak ediblər.
 
Bildirilib ki, layihənin “Xəzər TV”, “Lider TV”, “Kəpəz TV” (Gəncə) və “ARB-24 Xəbər” (Tovuz) kanallarında baş tutmuş ilkin mərhələsinin yekunu olaraq, Bilik Fondunun təşəbbüsü və birbaşa dəstəyi ilə layihədə iştirak etmiş təlimçilər cəlb olunmaqla dilin saflığının qorunmasına xidmət edən tövsiyə xarakterli məqalələr toplusu hazırlanaraq AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun və Milli Televiziya və Radio Şurasının rəyi əsasında dərc olunub.
 
AMEA Nəsimi adına Dilçilik İnstitutundan Sayalı Sadıqova, Sevinc Məmmədova, Sevinc Əliyeva və Nəzakət Qazıyeva, Bakı Dövlət Universitetindən Təranə İsmayılova, Mehriban Əlizadə və Nəsir Əhmədli, Mədəniyyət və İncəsənət Universitetindən Azad Şükürov öz çıxışlarında “Ekran və efirdə ədəbi dil normaları” layihəsinin faydasından və layihənin gedişi əsasında dərc olunan eyniadlı topludan jurnalistlərlə yanaşı, ana dilimizin təəssübünü çəkən hər kəsin yararlana biləcəyini vurğulayıblar. Layihənin növbəti mərhələsində televiziya verilişlərinin digər yayımçılarının da cəlb olunması, aparıcılar arasında ədəbi dil normalarına riayət edilməsi ilə bağlı müsabiqənin keçirilməsi kimi təkliflər səsləndirilib.
 
Tədbirdə Bilik Fondunun yaxın zamanlarda dövlət dilinin qorunması və inkişaf etdirilməsi ilə bağlı ölkə regionlarında Azərbaycan dilini tədris edən təhsil işçiləri, yerli KİV nümayəndələri, məktəbli və tələbələr cəlb olunmaqla yeni bir maarifləndirici layihəyə – “Dilimiz sərvətimizdir” layihəsinə imza atacağı barədə məlumat verilib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 16.07.2018

Son xəbərlər