"Ənənəvi islami dəyərlər dini ekstremizmə qarşı" mövzusunda tədbir keçirildi


 
Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı və Nəsimi rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Ambassador" mehmanxanasında "Ənənəvi islami dəyərlər dini ekstremizmə qarşı" mövzusunda tədbir keçirilib.
 
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva tədbiri açaraq, ölkədə dini maarifləndirmə, ekstremizm əleyhinə təbliğat istiqamətində görülən işlərdən danışıb.
 
Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev “Dini ekstemizmə qarşı mübarizə islami dəyərlərin mühafizəsinin təminatı kimi” mövzusunda mühazirə ilə çıxış edərək milli-mənəvi dəyərlərin, o cümlədən, ənənəvi islami dəyərlərin mühafizəsinin konstitusiyon-hüquqi əsaslarını diqqətə çatdırıb, “Dini ekstremizmlə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun bir sıra müddəalarını şərh edib. İslam dininə aid ayin və mərasimlərin aparılması hüququnun yalnız Azərbaycan vətəndaşlarına mənsub olduğunu xatırladan aparat rəhbəri xaricdə dini təhsil almış vətəndaşların bu qəbildən olan tədbirlərdə iştirakının Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq İcra Hakimiyyəti orqanı ilə razılaşdırıldıqdan sonra mümkün olduğunu vurğulayıb.
 
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin şöbə müdiri, Bilik fondunun Lektorlar Qrupunun üzvü Nahid Məmmədov "Dini ekstemizmə qarşı mübarizə milli-mənəvi dəyərlər kontekstində" mövzusunda mühazirə söyləyib. Mühazirəçi bildirib ki, xalqımızın milli-mənəvi dəyərləri bütün növ ekstremizmə qarşıdır. Dəyərlərin bəzi məkrli insanlar tərəfindən təhrif olunması çaşqınlıq yaradır. İslam dini zorakılığı, başqalarının azadlığını pozmaq cəhdlərini qəbul etmir. İslam sülhsevər dindir, onun daşıyıcıları da sülhpərvər insanlardır. Ölkəmizdə dinlə dövlət ayrı olsa da, bir-birinə daim dəstək olub. Məhz bu baxımdan Azərbaycan multikulturalzmi dünyaya nümunədir.
 
N.Məmmədov gəncləri aqressiv münasibət sərgiləməkdən çəkinməyə və daim sağlam bilgilər əldə etməyə çağırıb.
 
Tədbirin sonunda mühazirəçilər iştirakçıların suallarına ətraflı cavablar veriblər.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidmət
Tarix: 05.10.2018

Son xəbərlər