Bilik Fondu Brayl üsulu ilə hekayələr kitabı nəşr etdirdi


 
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə 13 noyabr – Beynəlxalq Gözdən Əlillər Günü münasibəti ilə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində tədbir keçirilib. Tədbirdə Bilik Fondunun əməkdaşları Xatirə Hüseynova, Ramilə Qurbanlı, Abbas Əliyev, uşaq yazarları Reyhan Yusifqızı, Sevinc Elsevər, “Brayl Nəşrləri” İnformasiya Resurs Mərkəzinin rəhbəri Mais Muradov iştirak ediblər.
 
İnternatın direktoru İradə Vəzirova qonaqları salamlayaraq, sağlamlıq imkanları məhdud gənclərin xüsusi istedadlarından və onlara dövlət tərəfindən göstərilən qayğı və diqqətdən danışıb.
 
Bilik Fondunun sektor müdiri Xatirə Hüseynova təmsil etdiyi qurumun maarifləndirici layihələrindən söz açıb, gənclərə və yeniyetmələrə yaradılan şəraitdən bəhs edib. Sektor müdiri Fondun dəstəyi ilə internatda təhsil alan uşaqlar üçün Brayl üsulu ilə nəşr olunmuş hekayələr kitabını təqdim edib.
 
Kitabda uşaq yazarları Sevinc Nuruqızı, Reyhan Yusifqızı, Ayğün Bünyadzadə, Mina Rəşid, Sevinc Elsever və Mehriban Nağıyevanın bir-birindən maraqlı kiçik hekayələri toplanıb. Kitaba ARB Aran Yaradıcılıq Mərkəzinin hazırladığı audio disk də əlavə olunub. Hekayələri yazarlar özləri səsləndiriblər.
 
Reyhan Yusifqızı və Sevinc Elsevər balacalara mütaliənin faydaları, ədəbiyyatın uşaqların dünyagörüşünün inkişafında rolu barədə danışıblar.
 
İnternatda təhsil alan gözdən əlil uşaqlar arasında şeir və rəsm üzrə keçirilmiş müsabiqənin qaliblərinə Bilik Fondunun hədiyyələri və diplomlar təqdim olunub.
 
İnternatın kitabxanasına və 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə Brayl üsulu ilə nəşr olunan “Hekayələr” kitabı hədiyyə olunub.
 
Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tələbələri, internat məktəbi şagirdləri hazırladıqları kompazisiyaları təqdim ediblər.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 13.11.2018

Son xəbərlər