Bilik Fondu şəhid Milli Qəhrəman Əliyar Əliyevin xatirəsini andı


 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Qubadlı Rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı, idman ustası, əməkdar məşqçi, dəfələrlə yunan-Roma güləşi üzrə keçmiş SSRİ-nin çempionu olmuş batalyon komandiri, mayor Əliyar Yusif oğlu Əliyevin anım mərasimi keçirilib.

Əvvəlcə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin üzvləri, Bilik Fondunun könüllüləri, Qubadlı və Nərimanov rayon məktəblərinin müəllim və şagirdləri, komandirin silahdaşları Bakıda Milli Qəhrəmanın adını daşıyan küçədə ucaldılmış abidə kompleksi önünə tər qərənfillər düzüblər. Ə.Əliyevin komandir, kəşfiyyatçı, partizan, məşqçi, güləşçi kimi keçdiyi şərəfli ömür yolu xatırlanıb.

Məktəblilərin ifasında Azərbaycana, Şəhidlərə həsr olunmuş şeirlər səslənib.

Sumqayıt şəhərində yerləşən Qubadlı rayonu Q.İlyasov adına tam orta məktəbdə rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə “Yaşar ürəklərdə, dillərdə adın...” mövzusunda tədbir keçirilib.

Təhsil ocağının direktoru, Bilik Fondunun Qubadlı rayonu üzrə nümayəndəsi Hümbət Hümbətəliyev məktəbin bədən tərbiyəsi müəllimi olmuş Əliyar Əliyevin qəhrəmanlıqlarından danışıb. Rayonda Bilik Fondu və İcra hakimiyyətinin dəstəyi ilə hərbi-vətənpərvərliyin təbliği istiqamətində keçirilən maarifləndirici tədbirlərin böyüməkdə olan nəslin təlim-tərbiyəsindəki əhəmiyyətindən bəhs edib. Direktor 136 yaşlı təhsil ocağının məzunlarından 20 nəfərin şəhidlik zirvəsinə yüksəldiyini, 6 gəncin Milli Qəhrəman adına layiq görüldüyünü fəxrlə bildirərək, şəhidlərin şərəfli ömür yolunun gənclər üçün örnək olduğunu vurğulayıb.

Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri, Milli Qəhrəman haqqında “Dağlar oğlu” kitabının və sənədli filmin ssenari müəllifi Hacı Abdullanın Şəhid komandirlə bağlı xatirələri tədbir iştirakçılarının marağına səbəb olub.

Qubadlı rayon icra hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xoşqədəm Alıyeva Milli Qəhrəman Ə.Əliyevin adının təkcə Qubadlıda deyil, respublikamızın bütün guşələrində daim sevgi ilə yad edildiyini vurğulayıb. Ümummilli lider Heydər Əliyevin tapşırığı ilə Bakının N.Nərimanov rayonunda Milli Qəhrəmanın adına olan küçədə ailəsinə mənzil verildiyini, təhsil aldığı məktəbin onun adını daşıdığını, haqqında poema, şeirlər, xatirə kitabları yazıldığını, sənədli filmlər çəkildiyini deyib. O, bildirib ki, Əliyar Əliyev bir ailənin yox, bütün Azərbaycanın övladıdır: “Əliyar Əliyev həmişə yaşayacaq, azərbaycanlıların fəxr yeri olacaq”. X.Alıyeva Qubadlıların Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində torpaqlarımızın azad ediləcəyinə inamını vurğulayıb.

Şəhid komandirin hərbçi oğlu, mayor Emin Əliyev atasının xatirəsinə göstərilən ehtirama görə Bilik Fonduna və Qubadlı Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirib.

Məktəblilərin təqdim etdiyi ədəbi-bədii kompozisiya tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Bilik Fondunun rayon nümayəndəsinin təşəbbüsü ilə Şəhidlərin xatirəsinə ehsan süfrəsi açılıb, əziz ruhlarına Quran oxunub.

Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

Tarix: 14.12.2018

Son xəbərlər