Dövlət müşaviri Bilik Gününü Nardaran və Malıbəyli məktəbliləri ilə birgə qeyd etdi (VİDEO, AZTV)


 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ənənəvi olaraq, 15 sentyabr Bilik Günü münasibətilə ölkəmizin bütün bölgələrində mühazirələr təşkil edir. Bilik Günündə Fondun “İl boyu bilik” proqramı çərçivəsində Bakıda və Azərbaycanın müxtəlif bölgələrində orta məktəblərdə “Heydər Əliyev və Azərbaycan” mövzusunda dərslər keçilib. 

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri akademik Kamal Abdullayev Şuşa şəhəri, Malıbəyli kənd tam orta məktəbində və Nardaran qəsəbə 295 nömrəli tam orta məktəbdə şagirdlərlə görüşüb. Nardaran Bilik Evinin direktoru millət vəkili Dilarə Cəbrayılova dövlətimizin təhsilə göstərdiyi qayğıdan danışıb, məktəblilərə Bilik Fondunun həyata keçirdiyi maarifləndirici layihələr haqqında məlumat verib. Dövlət müşavirinin məktəblilərlə görüşünün yaddaqalan olacağına əminliyini vurğulayan D.Cəbrayılova bildirib ki, ölkənin əksər rayonlarında, həmçinin kəndlərdə tanınmış ziyalıların mühazirələrinin təşkil olunması gənc nəslin dünyagörüşünün inkişafında mütərəqqi addımdır.

Yeni dərs ilinin başlanması münasibəti ilə müəllim və şagirdləri təbrik edən Dövlət müşaviri onlara Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində Ümummilli liderin rolu, ulu öndərin banisi olduğu azərbaycançılıq ideologiyasının mahiyyəti, multikultural ənənələr, artıq formalaşmış tolerantlıq mühiti barədə ətraflı məlumat verib. K.Abdullayev bildirib ki, Ümummilli lider Heydər Əliyev haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi. “Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqamət yeni mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir”.

Tarix: 15.09.2016

Son xəbərlər