Bilik Fondu Binəqədi sakinlərini Nizami Cəfərovla görüşdürdü


Yanvarın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında İcra Hakimiyyətinin ənənəvi “Məlumat saatı”nda növbəti tədbir keçirilib.
 
Tədbirdə Bilik Fondunun Lektorlar qrupunun üzvü, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov "Müstəqil Azərbaycanın dövlət dili siyasəti: reallıqlar və perspektivlər" mövzusunda mühazirə söyləyib.
 
Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva Bilik Fondu ilə İcra Hakimiyyətinin həyata keçirdiyi birgə tədbirlər barəsində danışıb, bu tədbirlərin faydalı olduğunu vurğulayıb.
 
Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev çıxışında təmsil etdiyi qurumun maarifləndirmə istiqamətində həyata keçirdiyi layihələrdən söz açıb.
 
Akademik Nizami Cəfərov Ulu öndər Heydər Əliyevin Azərbaycan dilinin saflaşdırılmasına xidmət edən sərəncamlarını xatırladaraq, Prezident İlham Əliyevin bu xətti uğurla davam etdirdiyini bildirib. Akademik son dövrlər Azərbaycan dilinin orfoqrafiya və orfoepiya bölmələri üzərində dəyişikliklər aparılması ilə bağlı dilçi alimlərin müzakirələrinə toxunub. N.Cəfərov bildirib ki, dilin saflığının qorunması təkcə alimlərin deyil, hər bir azərbaycanlının borcudur.
 
Tədbirdə iştirak edən İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, bələdiyyələrin ictimai-siyasi və humanitar sektor rəhbərləri, icra hakimiyyəti başçısının İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, Yeni Azərbaycan Partiyası rayon təşkilatının fəal gəncləri, rayon məktəbliləri akademikə suallar ünvanlayıb və ətraflı cavablar alıblar.
 
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 25.01.2018

Son xəbərlər