Bilik Fondu Tarix Muzeyində Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbir keçirdi


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Milli Azərbaycan Tarixi Muzeyində mütəmadi olaraq silsilə maarifləndirici tədbirlər keçirilir.
 
Yanvarın 26-da "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncama uyğun olaraq, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Məhəmməd Əmin Rəsulzadənin yaradıcılığında milli-mənəvi dəyərlərə baxış” mövzusunda tədbir keçirilib.
 
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra muzeyin elmi işçisi Əli Fərhadov giriş sözü ilə çıxış edərək, Prezidentin imzaladığı müvafiq Sərəncamın əhəmiyyətindən bəhs edib.
 
Ə.Fərhadov çıxışında “M.Ə.Rəsulzadənin yaradıcılığında milli-mənəvi dəyərlərə baxış” mövzusunda fikirlər səsləndirib, AXC qurucusunun Azərbaycançılıq ideologiyasının inkişafındakı rolundan söhbət açıb.
 
Bilik Fondunun məsləhətçisi Sevinc Babayeva çıxış edərək, Fondun Azərbaycan tarixinin tədqiqi və təbliği istiqamətində həyata keçirdiyi maarifləndirici layihələr barədə məlumat verib.
 
Muzeyin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Fuad Ağayev məruzəsində Qafqaz İslam Ordusunun, o cümlədən AXC ordusunun milli istiqlalımızdakı rolunu diqqətə çatdırıb.
 
Səbail rayonu H.Mahmudbəyov adına 2 nömrəli Texniki-Humanitar Elmlər Liseyinin tarix müəllimi Sevil Nəsibova M.Ə.Rəsulzadənin milli, siyasi maarifçilik sahəsindəki fəaliyyəti, mənəvi dəyərlərə baxışı, yaradıcılığı haqqında geniş nitq söyləyib.
 
Məruzəçilər muzey əməkdaşlarının, liseyin müəllim və şagird kollektivinin iştirakı ilə keçirilmiş tədbirdə auditoriyanı maraqlandıran sualları ətraflı cavablandırıblar.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti

 

Tarix: 26.01.2018

Son xəbərlər