Bilik Fondunun "Hüquqi maarifləndirmə" proqramı - Binəqədidə


Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə "Hüquqi maarifləndirmə" proqramı çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətinin ənənəvi “Məlumat saatı” keçirilib.
 
İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə Fondun Koordinasiya Şurası Hüquqi maarifləndirmə bölməsinin üzvü, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, hüquq üzrə elmlər doktoru, professor Əmir Əliyev “Azərbaycan Respublikasının beynəlxalq cəmiyyətə inteqrasiyasında hüquqi islahatların rolu” mövzusunda mühazirəsi dinlənilib.
 
Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov Bilik Fondu ilə İcra Hakimiyyətinin birgə tədbirlərindən və onların faydalı nəticələrindən danışıb.
 
Professor Əmir Əliyev çıxışında bildirib ki, Azərbaycan beynəlxalq cəmiyyətin tamhüquqlu müstəqil subyekti kimi, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu, eyni zamanda bəşər sivilizasiyasının idealları olan azadlığı, insan hüquqlarını, ədaləti və sülhü özünün inkişaf yolu seçib.
 
İnsan hüquqları amilinin Ümummilli lider Heydər Əliyevin fəaliyyətinin əsasını təşkil etdiyini deyən natiq həmin dövrdə kifayət qədər normativ-hüquqi sənəd­lə­r qəbul olunduğunu diqqətə çatdırıb.
 
Prezidenti İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini vurğulayan Ə.Əliyev həm ölkə daxilində, həm də beynəlxalq aləmdə yürüdülən siyasətdən söz açıb və dövlətin insan hüquqları sahəsində 300-dən çox beynəlxalq müqavilənin iştirakçısı və mühüm nüfuzlu beynəlxalq təşkilatların - BMT, Avropa Şurası, Beynəlxalq Əmək Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlığı Təşkilatı və s. üzvü olduğunu xatırladıb.
 
O, həmçinin Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun qlobal səviyyədə insan, vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəçisi statusunda çıxış etdiyini nəzərə çatdırıb və belə fəaliyyətin dövlətimizin hərtərəfli inkişafına, vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsinə beynəlxalq əməkdaşlıq əlaqələrinin daha da inkişafına əvəzedilməz töhfə verdiyini söyləyib.
 
"Məlumat saatın"da Bilik Fondunun əməkdaşı Elnarə Əliyeva, İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, bələdiyyələrin ictimai-siyasi və humanitar sektor rəhbərləri, İcra Hakimiyyəti başçısının İnzibati ərazi dairələri üzrə nümayəndələri, könüllülər, məktəb müəllimləri iştirak ediblər.
 
Dinləyicilər alimin çıxışını yüksək qiymətləndirərək, Konstitusiya və qanunlarda dəyişikliklərlə bağlı mühazirələrin təşkilinə böyük ehtiyac duyduqlarını vurğulayıblar.
 
BDU-nun dekanı, professor Əmir Əliyev iştirakçıların suallarını ətraflı cavablandırıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 08.02.2018

Son xəbərlər