“Tütünün və spirtli içkilərin sağlamlığa mənfi təsiri” – Suraxanıda tibbi maarifləndirmə


Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Tibbi maarifləndirmə” proqramı çərçivəsində Hövsan qəsəbəsi, 281 nömrəli tam orta məktəbdə “Tütünün və spirtli içkilərin sağlamlığa mənfi təsiri” mövzusunda mühazirə keçirilib. Tədbirdə Suraxanı İcra Hakimiyyətinin nümayəndələri, məktəblilər və müəllimlər, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
 
Mühazirəçi - Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru Səidə Xanməmmədova gənclərə tütünün və spirtli içkilərin sağlamlığa mənfi təsiri barədə ətraflı məlumat verib. Mühazirəçinin sözlərinə görə, tütünün törətdiyi xəstəliklər nəticəsində hazırda dünyada hər il 6 milyondan artıq insan vəfat edir. XX əsrdə tütün epidemiyası bütün dünyada 100 milyon insanın həyatına son qoyub.
 
Tütünçəkmə və spirtli içkilərdən istifadə insanın sağlamlığına təhlükə yaratmaqla yanaşı, ona ciddi maddi zərər vurur. Bu ziyanlı vərdişlər nəticəsində əmələ gələn bir çox xəstəliklərin yaranma riski imtina etdikdən sonra azalır.
 
Məktəblilər mühazirəni maraqla qarşılayıblar. Sonda S.Xanməmmədova gənclərin çoxsaylı suallarını cavablandırıb.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 20.02.2018

Son xəbərlər