"Azərbaycan Xalq Cümhuriyyəti dövründə elm və təhsil” - Suraxanıda mühazirə


Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı və Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə R.Abidov adına 85 nömrəli tam orta məktəbdə “Azərbaycan Xalq Cümhuriyyəti dövründə elm və təhsil” mövzusunda tədbir keçirilib.
 
Bilik Fondunun "İl boyu bilik" proqramı çərçivəsində hazırlanan tədbirdə Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin "Jurnalistika" elmi-tədqiqat laboratoriyasının elmi işçisi Samir Mirzəyevin mühazirəsi dinlənilib.
 
Məktəb direktorunun müavini Nizami Eminov müəllim və şagird kollektivinin, həmçinin valideynlərin iştirak etdikləri tədbiri giriş sözü ilə açaraq, "Azərbaycan Xalq Cümhuriyyəti İli" çərçivəsində təhsil ocağında keçirilən silsilə maarifləndirici görüşlər barədə məlumat verib, bu cür tədbirlərin gənc nəslin milli şüurunun formalaşdırılmasında müstəsna xidmətləri olduğunu bildirib.
 
Suraxanı Rayonu İcra Hakimiyyətinin ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdir müavini Rəşid Məmmədov tədbirin əhəmiyyətindən bəhs edərək, Azərbaycanın şanlı tarixə malik olduğunu bir neçə əsas faktlarla diqqətə çatdırıb, Mühazirəçi çıxışında Cümhuriyyət hökumətinin həmin dövrdə elm və təhsil sahəsindəki islahatlarından söz açaraq, Xalq Maarif Nazirliyinin hansı zərurətdən yaradılmasının səbəblərindən danışıb.
 
S.Mirzəyev Azərbaycan türkcəsinin dövlət dili kimi qəbul edilməsi, məktəblərin milliləşdirilməsi, Qori müəllimlər seminariyasının müsəlman şöbəsinin Qazaxa köçürülməsi, müəllim kadrlarının hazırlanması istiqamətində həyata keçirilən tədbirlərin önəmini qeyd edərək, Bakı Dövlət Universitetinin yaradılması, gənclərin Avropa və dünyanın nüfuzlu universitetlərində təhsil almağa göndərilməsi kimi mühüm hadisələr ətrafında ətraflı fikirlər səsləndirib.
 
Sonda mühazirəçi ilə iştirakçılar arasında maraqlı fikir mübadiləsi aparılıb.
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında imzaladığı Sərəncama uyğun olaraq, Bilik Fondu silsilə tədbirlərini davam etdirir.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbiat xidməti

 

Tarix: 23.02.2018

Son xəbərlər