Bilik Fondu Masallıda Cümhuriyyət tədbiri təşkil etdi


Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Masallı Dövlət Regional Kollecində Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə tədbir təşkil edilib.
 
Kollecinin direktoru Vidadi Nəzərov tədbiri giriş sözü ilə açaraq, təhsil ocağının müəllim və tələbə kollektivinə Şərqdə ilk demokratik Respublika olan Xalq Cümhuriyyətinin tarixi barədə ümumi məlumat verib.
 
Tədbirdə Bilik Fondunun mühazirəçisi, Manera.az saytının baş redaktoru Şəhla Aslan "Azərbaycan Xalq Cümhuriyyətinin mədəniyyət siyasəti” mövzusunda mühazirə ilə çıxış edib.
 
Mühazirəçi cəmi 23 ay yaşamış Xalq Cümhuriyyətinin mədəniyyət sahəsində önəmli qərarlar qəbul etdiyini diqqətə çatdıraraq bildirib ki, müstəqil dövlətin xalqın şüurunda yaratdığı milli istiqlal ideyaları əbədiyaşar oldu.
 
Tədbirdə qeyd olunub ki, Xalq Cümhuriyyəti hökumətinin mövcud olduğu müddətdə qəbul etdiyi qərarların böyük əksəriyyəti məhz elmin, mədəniyyətin inkişafına yönəlib. Nəticədə ədəbiyyat, teatr və musiqi, təsviri sənət və memarlıq sahələrində böyük canlanma yaşanıb.
 
Sonda kollecin tələbələrinin hazırladığı “Xocalı” tamaşası göstərilib.
 
Tamaşada uğurlu çıxışlarına görə, bir qrup tələbəyə kollec tərəfindən Fəxri Fərmanlar təqdim olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında imzaladığı Sərəncama uyğun olaraq, Bilik Fondu silsilə tədbirlərini davam etdirir.
 
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun Mətbuat xidməti
Tarix: 23.02.2018

Son xəbərlər